ARKTİKADA BUZUN GENİŞ MİQYASDA ƏRİMƏSİ EKOLOJİ FƏLAKƏTƏ SƏBƏB OLA BİLƏR
Tədqiqatları ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyinin mütəxəssisləri aparmışlar. Məlum olmuşdur ki, 2004-2005-ci illər ərzində Arktika əvvəllər yay temperaturuna tab gətirmiş çoxillik buz sahəsinin 14 faizini itirmişdir. Şimal Buzlu okeanının Şərq hissəsində buz itkisi xüsusilə böyükdür. Burada buz örtüyünün yarısı ərimişdir.
Amerikalıların tədqiqatları beynəlxalq elmi dairələrdə böyük təşviş doğurmuşdur. Arktikada buzların əriməsi və bunun dünya miqyasında ekoloji fəlakətlə nəticələnəcəyi barədə son iki ildə səngimiş söhbətlər yenidən böyük həyəcanla başlanmışdır. Bəşəriyyəti gözləyən fəlakətin bu gün ən geniş yayılmış ssenarisinə görə, qarşıdakı fəlakət planetə qlobal istiləşmə nəticəsində qlobal soyuqluq vəd edir. Güman edilir ki, ərimiş buzların soyuq axınlarının Qolfstrimə yönəlməsi onun hərəkətinin zəifləməsinə gətirib çıxaracaq, deməli, Britaniya adalarında və Avrasiya qitəsində temperatur kəskin şəkildə aşağı düşəcəkdir.
Bununla yanaşı, ekoloji fəlakətin digər ssenariləri də irəli sürülür. Məsələn, Arktika üzrə Beynəlxalq Elmi Komitə daim iddia edir ki, 2070-ci ilədək Şimal buzlu okeanı buzlardan tamamilə təmizlənəcək və dünyanı su basacaqdır. Paris, Berlin, London, Roma və Madrid kimi şəhərlər Atlantik okeanının dibində qalacaqdır. San-Fransisko, Los-Anceles və Valparaiso Sakit okeanın sularına qərq olacaqdır. Hollandiya və İsraili də su basacaqdır. O ki qaldı Rusiyaya, onun yalnız kiçik bir hissəsi – Vladivostok, Maqadan, Petropavlovsk-Kamçatski, Sankt-Peterburq şəhərləri və bəzi digər regionlar suyun altına gedəcəkdir.
Rusiya alimləri bu xəbəri çox sakitliklə qarşılamışlar. Rusiya Federal Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Xidmətinin mütəxəssisləri bildirmişlər ki, bütün bu cür proqnozlar nəzəri modellər əsasında qurulur. Belə modellər, eləcə də nəzəriyyələr olduqca çoxdur. Onlar praktikada çox vaxt həyata keçmir – iqlimə həddindən çox amillər təsir göstərir. Arxiv materiallarına görə, Arktikada buzların belə yüksək sürətlə əriməsi 1920-1940-cı illərdə də müşahidə edilmiş və heç bir fəlakət baş verməmişdir.