Aron Kinçeş: Statistika sahəsində təcrübə mübadiləsi ümumi işə fayda verə bilər
Bakı, 24 sentyabr, AZƏRTAC
“Bu gün Bakıda keçirilən forum statistika sahəsində təcrübə mübadiləsinin aparılması üçün əlverişli imkanlar yaradıb. Müxtəlif ölkələrin ixtisaslaşmış mütəxəssisləri var ki, onların təcrübəsindən istifadə etmək forum iştirakçıları üçün faydalı olar”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Macarıstan Mərkəzi Statistika İdarəsinin prezidenti Aron Kinçeş Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunun panel iclasında çıxış edərək deyib.
O bildirib ki, Macarıstan miqrasiya problemləri ilə qarşılaşdığı üçün bu sahədə statistikanı dəqiq aparmağa çalışır.
“Peyk müşahidəsi ilə miqrasiya prosesləri izlənilir və miqrantların sayı müəyyənləşir. Macarıstanda bu üsulla 150 min miqrant qeydə alınıb. Forum çərçivəsində təcrübə mübadiləsinin aparılması əməkdaşlığı daha da keyfiyyətli səviyyəyə çatdırar. Macarıstan miqrasiya proseslərini izləmək üzrə statistik hesabat hazırlayır. Bu sahədə Azərbaycan və digər dövlətlərlə təcrübə mübadiləsi həyata keçirə bilərik. Azərbaycan isə iqtisadi göstəricilərin rəqəmsal təhlili praktikası təcrübəsini mübadilə edə bilər”, - deyən A.Kinçeş vurğulayıb ki, təcrübə mübadiləsi ümumi işə fayda verməklə yanaşı, statistik hesabatların daha dəqiq hazırlanmasına kömək olar.