“ASAN xidmət” ilə “Təmiz Şəhər” ASC arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır
Bakı, 25 dekabr (AZƏRTAC). “Təmiz Şəhər” ASC tullantıların çeşidlənməsi sisteminin qurulması üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə layihəyə başlamışdır.
“ASAN xidmət” ilə “Təmiz Şəhər” ASC arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.
ASC-dən AZƏRTAC-a bildirmişlər ki, əməkdaşlıq layihəsinin məqsədi Bakıdakı bütün “ASAN xidmət” mərkəzlərində vahid tullantıların idarə edilməsi sisteminin qurulması, tullantıların üç növ üzrə ayrı-ayrılıqda yığılması və daşınması, ən əsası isə “ASAN xidmət” müştərilərinin məlumatlandırılaraq bu prosesə cəlb edilməsidir.
Layihə çərçivəsində “ASAN xidmət”in Bakı şəhərində fəaliyyət göstərən 3 mərkəzində tullantıların ayrı-ayrılıqda toplanması üçün müxtəlif rəngli tullantı konteynerləri və izahedici stendlər quraşdırılmışdır. Bundan əlavə, layihənin mahiyyətini və faydalarını müştərilərə izah edən təşviqat materialları hazırlanmışdır.
Xatırladaq ki, “Təmiz Şəhər” ASC-nin Azərbaycan Diplomatik Akademiyası və Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi belə əməkdaşlıq layihələri müsbət nəticələr verməkdədir.