Asem Muhamediyeva: Terminallar zəncirinin yaradılması mühüm amildir
Bakı, 10 mart, AZƏRTAC
Bu günün tələblərinə uyğun olaraq “KTZ Express” beynəlxalq marşrutların kəsişdiyi məntəqələrdə yük və konteyner terminallar, quru sahələrdə limanlar inşa edir. Bunlardan biri Xəzər dənizi sahilindəki Aktau limanının bazasında konteyner habının salınmasıdır. Bu hab Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun dəmir yollarına inteqrasiyasını təmin etməklə yanaşı yükdaşımaların həcminin artmasına xidmət edəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “KTZ Express” şirkətinin yeni layihələr və marketinq üzrə icraçı direktoru Asem Muhamediyeva deyib.
Onun sözlərinə görə, Qazaxıstan Dəmir Yollarının törəmə şirkəti olan “KTZ Express” nəqliyyat, logistika ilə məşğul olmaqla yanaşı avtomobil, dəmir və dəniz yolları ilə yükdaşımaları həyata keçirir.
“Şirkət Çin, Türkiyə, Mərkəzi Asiya, Avropa və Yaxın Şərq bazarında fəaliyyət göstərir və geniş infrastruktura malikdir. Hazırda Qazaxıstanın Çin ilə sərhədində yerləşən və 2015-ci ildə istismara verilən “Khorgos Gateway” terminalı tranzit yüklərin daşınması üçün əhəmiyyətli rol oynayır. Avropa istiqamətində daşınan yüklər bu terminaldan Aktau limanındakı terminala, oradan isə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Avropaya göndəriləcək.
Terminallar zəncirinin yaradılması mühüm amildir. Vahid mərkəzdən idarə olunan terminallar yükün tez və təhlükəsiz qəbul edilib göndərilməsini təmin edir. Aktau limanında tikilən terminala gəldikdə isə qeyd etməliyəm ki, bu layihə Qazaxıstan Dəmir Yolları və Çinin “Lyanluynqan” qrupu ilə birgə həyata keçirilir. Məqsəd Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu inkişaf etdirməkdir. Hazırda 3 min kilometr dəmir yolu xətti çəkilib, 20 min kvadratmetr konteyner meydançası yaradılıb. Reyslərin üzərində işləyən və 41 min ton yükaşırma qabiliyyəti olan kranlar quraşdırılıb. Habın bir sıra infrastrukturları artıq istismara verilib. Bir sıra tamamlama işlərindən sonra bu ay tam istifadəyə veriləcək”, - deyən A.Muhamediyeva terminal habının Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında böyük rol oynayacağına əmin olduğunu vurğulayıb.