SİYASƏT
AŞPA-nın toplantısında Azərbaycanda insanların ədliyyə sisteminə çıxışının təmin olunmasından bəhs edilib
Strasburq, 24 aprel, AZƏRTAC
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, qurumun qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi və “Zorakılıqdan azad qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi Sahibə Qafarova Assambleyanın aprelin 24-də keçirilən yığıncağında Azərbaycanda insanların ədliyyə sisteminə çıxışının təmin olunması ilə bağlı çıxış edib. Rumıniyalı deputat Viorel Badeanın "Ədliyyə sisteminə bərabər əsasda və ayrı-seçkiliyə yol vermədən çıxış" adlı məruzəsinin müzakirəsi çərçivəsində müzakirələrdə iştirak edən deputat ədliyyə sisteminə çıxışın təmin olunmasının demokratiya və qanunun aliliyi prinsipinin ayrılmaz tərkib hissəsi olduğunu deyib. İnsanların ədliyyə sisteminə çıxışının təmin edilməsi ilə bağlı bəzi praktiki və hüquqi əngəllərin olmasına dair məruzəçinin fikri ilə razılaşdığını bildirən S.Qafarova məlumatsızlığın da bu mənada mühüm əngəl olduğunu diqqətə çatdırıb.
Sahibə Qafarova parlamentlərin bu sahədə mühüm rol oynadığını və cəmiyyətdə hüquqi məlumatlılığın artması üçün yeni mexanizmlərin formalaşdırılması istiqamətində cəhdlərin artırılmalı olduğunu vurğulayıb. Lakin münaqişələrin həlli istiqamətində alternativ mexanizmlərin istifadə olunmasının da vacib əhəmiyyət daşıdığını diqqətə çatdırıb və bu sahədə ictimai təşkilatların üzərinə böyük yük düşdüyünü bildirib.
Deputat Assambleya iştirakçılarını ədliyyə sisteminə bərabər əsasda və ayrı-seçkiliyə yol vermədən çıxış təmin olunması üçün Azərbaycanda atılan addımlar haqqında da məlumatlandırıb. Bildirib ki, cari il aprelin 17-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə əməkdaşlıq çərçivəsində Bakı şəhərinin rayon hakimlərinin iştirakı ilə “Məhkəmə təcrübəsində qadın və uşaq hüquqları” mövzusunda “dəyirmi masa” təşkil edib. O, belə tədbirlərin ölkəmizdə mütəmadi keçirildiyini və bundan sonra da bu istiqamətdə təşəbbüslərin davam etdiriləcəyini diqqətə çatdırıb.
Əsgər Əliyev
AzərTAC-ın xüsusi müxbiri
Strasburq