ASTANADA XOCALI FACİƏSİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLMİŞDİR
Astana, 23 fevral (AZƏRTAC). Qazaxıstan İqtisadiyyat, Maliyyə və Beynəlxalq Ticarət Universitetində Xocalı soyqırımının 18-ci ildönümünə həsr edilmiş konfrans keçirilmişdir.
Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, Azərbaycanın, Türkiyənin və Gürcüstanın Astanadakı səfirliklərinin əməkdaşları, Azərbaycan-Qazaxıstan Dostluq və Mədəniyyət Assosiasiyasının rəhbərləri, paytaxtdakı türk və Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.
Tədbi iştirakçıları əvvəlcə foyedə Xocalı soyqırımına həsr olunmuş kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olmuşlar.
Soyqırımı zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov Xocalı faciəsi, eləcə də Ermənistanın Azərbaycana təcavüzü haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Səfir ATƏT-in sədri, Qazaxıstanın dövlət katibi - xarici işlər naziri Kanat Saudabayevin bu yaxınlarda Azərbaycan və Ermənistana səfərləri haqqında danışmış, problemin həllində Qazaxıstanın bu beynəlxalq təşkilata sədrlik etməsinə ümidlər bəslədiyini bildirmişdir. L.Qəndilov İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kompaniyasının internet saytı (www.justiceforkhojaly.org) və həmin sayt üçün Qazaxıstanda milli domen alındığını (www.justiceforkhojaly.kz) iştirakçıların diqqətinə çatdırmışdır. Tədbirin gedişində Xocalı faciəsi barədə şəkillər və videosüjetlər göstərilmişdir.
Sonra Xoca Əhməd Yasəvi adına Qazax-Türk Universitetinin kafedra müdiri Sevil Piriyeva Xocalı hadisəsinin dəhşətləri barədə danışmış, bu faciəni müasir tarixin ən amansız cinayəti adlandırmışdır.
İştirakçılara Xocalı faciəsinə dair kitablar və səfirliyin məlumatlar toplusu paylanmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana