Astarada gənc müəllimlər üçün onlayn təlimlər keçirilir
Astara, 7 dekabr, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunda Təhsil Nazirliyinin həyata keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nin qalibi olmuş “Gələcəyin müəllimləri” layihəsi çərçivəsində gənc müəllimlər üçün onlayn təlimlər təşkil edilir.
Layihə rəhbəri, Astara rayonunun Ərçivan qəsəbə 2 nömrəli tam orta məktəbin riyaziyyat-informatika müəllimi Emil Axundov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, layihənin həyata keçirilməsində məqsəd rayonun ümumtəhsil məktəblərində çalışan, lakin kifayət qədər pedaqoji təcrübəsi olmayan, 3 ilə qədər iş stajına malik gənc müəllimlərin peşəkarlıq səviyyəsini yüksəltmək, onların metodiki və təcrübi işgüzarlığının artırılmasına, eləcə də müasir mərhələdə əyani və distant (məsafədən) təhsilin təşkilinə təhsilalanlarla təlim üsulları və formalarından müəllimlər tərəfindən düzgün istifadə edilməsinə kömək göstərməkdir.
“Gələcəyin müəllimləri” layihəsi Astara rayonun ümumtəhsil məktəblərində işləyən 125 gənc müəllimi əhatə edir. Gənc müəllimlər 5 təlim qrupuna bölünməklə onlayn qaydada təlimlər keçirilir. Artıq 4 qrup üzrə təlimlər yekunlaşmaq üzrədir.
Təlimlər yekunlaşdıqdan sonra qrup təlimlərində iştirak edən müdavimlərin qiymətləndirilməsi aparılacaq və iştirakçılara sertifikatlar veriləcək.