ASTARADA ŞAHMAT ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATININ SEÇMƏ YARIŞLARI KEÇİRİLİR
Astara, 11 avqust (AZƏRTAC). Astara şəhərindəki şahmat məktəbində şahmat üzrə Azərbaycan çempionatının seçmə yarışları keçirilir.
Gənclər və İdman Nazirliyinin Azərbaycan Şahmat Federasiyası ilə birgə keçirdiyi turnirdə respublikanın 20 şəhər və rayonundan 51 idmançı (37 kişi, 14 qadın) iştirak edir.
İsveçrə sistemi üzrə keçirilən turnirdə ən yaxşı iki qadın şahmatçı qadınlar arasında növbəti ölkə birinciliyinə, kişilərin mübarizəsində isə ilk beş yeri tutan idmançılar Azərbaycan çempionatının birinci dəstəsinə vəsiqə qazanacaqlar.
Yarışların açılışı mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim, “Şöhrət” ordenli Faiq Həsənov ölkəmizdə bədən tərbiyəsi və idmanın, o cümlədən şahmatın inkişafına göstərilən dövlət dəstəyindən danışmış, Prezident İlham Əliyevin Fərmanı ilə respublikamızda şahmatın inkişafı ilə bağlı 2009-2014-cü illəri əhatə edən Dövlət proqramının qəbul olunduğunu diqqətə çatdırmışdır.
Dünyanın 142 ölkəsinin şahmatçıları arasında Azərbaycan idmançılarının 4-5-ci yerləri tutduğunu vurğulayan F.Həsənov, bu il sentyabrın 20-də Bakı şəhərində şahmat üzrə beynəlxalq turnirin keçiriləcəyini söyləmişdir.
On gün davam edəcək seçmə oyunların birinci günü yarışa qoşulmuş ən yaşlı sahmatçı - 64 yaşlı Lənkəran rayon sakini Mirmusa Həsənovla ən kiçik yaşlı iştirakçı - 6 yaşlı Biləsuvar rayon sakini Elmir Məmmədov arasında keçirilən görüş böyük marağa səbəb olmuşdur.