ASTARADA UŞAQ MUĞAM İFAÇILARININ II RESPUBLİKA MÜSABİQƏSİNİN YEKUN TURU KEÇİRİLİR
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqənin II yekun turu mayın 13-də başlanmışdır. Müsabiqənin münsiflər heyətinin üzvlərini – xalq artistləri Ağaxan Abdullayevi, Canəli Əkbərovu, Səkinə İsmayılovanı, əməkdar artistlər Gülyaz Məmmədovanı, Mənsum İbrahimovu, Mədəniyyət Nazirliyinin məsul işçisi Oqtay Muxtarovu və digər qonaqları Astara Rayon İcra Hakimiyyətinin başçısı Oqtay Abbasov və ictimaiyyətinin nümayəndələri səmimiyyətlə qarşılamışlar.
Tədbirin iştirakçıları Astara şəhərindəki Şəhidlər xiyabanını ziyarət etmiş, Vətən uğrunda canlarından keçmiş astaralıların xatirəsinə öz ehtiramlarını bildirmişlər.
Qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri ümummilli liderimiz Heydər Əliyevin xatirə guşəsində böyük öndəri məhəbbətlə, gül-çiçək dəstələri ilə yad etmişlər.
Həmin gün Astara rayon mədəniyyət evində müsabiqənin açılışı olmuşdur. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini Natiq İbadov artıq ikinci dəfə Astarada keçirilən bu musiqi yarışmasının əhəmiyyətini qeyd etmiş, müsabiqənin təşkilatçısı olan Mədəniyyət Nazirliyinə astaralılar adından minnətdarlığını bildirmişdir.
Münsiflər heyəti adından çıxış edən xalq artisti Canəli Əkbərov bu tədbirin milli musiqimizin təbliği və inkişafı baxımından xüsusi rolunu bir daha vurğulamış, hər bir ifaçıya uğurlar arzulamışdır.
4 gün davam edəcək müsabiqənin qalibləri diplomlar və mükafatlarla təltif olunacaqlar.