Astaranın çətin iqlimində bol çiyələk əldə edilib - uğurlu təcrübə VİDEO
Astara, 3 iyun, AZƏRTAC
Astarada ilk dəfə salınan çiyələk plantasiyasında məhsul yığımına start verilib. Bölgənin iqlim şəraitinə görə yetişdirilməsi çətin hesab olunan çiyələk, bu dəfə yerli fermerin əməyi sayəsində uğurla becərilərək bol məhsul verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fermer Polad Rzayevin əkin sahəsində müasir becərmə üsullarından istifadə olunub, bitkilərə xüsusi aqrotexniki qulluq göstərilib. Nəticədə çiyələk kolları gözləniləndən daha yüksək məhsul verib.
“Murano” sortuna üstünlük verirəm. Bu sortun həm dad keyfiyyəti yüksəkdir, həm də iqlimə tez uyğunlaşır. Ona görə də gələcəkdə istehsalı daha da artırmağı planlaşdırıram. Açığı, Astaranın iqlimi, adətən, çiyələk üçün uyğun hesab olunmur. Amma mən yenilik etmək istədim. Əvvəlcə az miqdarda əkin apardım ki, bu məhsulun bizim şəraitə necə uyğunlaşacağını görüm. İlk vaxtlar tərəddüd edirdim, çünki riskli iş idi. Lakin düzgün qulluq, aqrotexniki qaydalara əməl etmək və səbir nəticəsində gözlədiyimdən də yaxşı məhsul əldə etdik”, – deyə fermer bildirib.
Hazırda sahədə məhsul yığımı davam edir. Toplanan çiyələklərin yerli bazarlara çıxarılması nəzərdə tutulur. Fermer gələcək illərdə əkin sahəsini genişləndirməyi və məhsul istehsalını artırmağı planlaşdırır.
Bu uğurlu təcrübə Astaranın kənd təsərrüfatında yeni bir istiqamətin formalaşmasına töhfə verə və bölgədə alternativ gəlir mənbələrinin yaranmasına şərait yarada bilər. Mütəxəssislər bildirirlər ki, son illər tətbiq olunan yeni texnologiyalar və iqlimə uyğun seçilən sortlar ənənəvi olaraq yetişdirilməsi çətin hesab edilən məhsulların da bölgələrdə becərilməsinə imkan yaradır. Astarada əldə olunan bu nəticə gələcəkdə digər fermerlərin də çiyələkçiliyə marağını artıra bilər.
Müxbir- İlkin Adıyev