“Asudə vaxtını rəngli keçir”- ustad dərsi
Neftçala, 29 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Neftçala Rayon Mərkəzi Kitabxanasında “Asudə vaxtını rəngli keçir” adlı ustad dərsi keçirilib.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Neftçala Tarix-Diyarşünaslıq Muzeyinin tərtibatçı-rəssamı Günel Abdullayeva və Mərkəzi Kitabxananın rəssamı Murad Hüseynovun rəhbərliyi ilə keçirilən ustad dərsində iştirakçılara sərbəst yaradıcılıq imkanı verilib. İştirakçılar şəxsi istəyə uyğun kitab mövzusunu götürərək, tabloya köçürüblər. Ustad dərsində, həmçinin texniki yanaşmalar, kompozisiya quruluşu, rənglərin tətbiqi və digər yaradıcılıq detallarına dair istiqamət verilib.
Sonra kitabxana əməkdaşları yeniyetmə və gənclərlə maarifləndirici söhbətlər aparıblar. Qeyd edilib ki, məktəblilərin asudə vaxtının düzgün və səmərəli təşkili onların bilik, bacarıq vərdişlərinin inkişaf etdirilməsinə, mənəvi tərbiyəyə və sağlam xarakterin formalaşmasına müsbət təsir edir. Çıxışlarda gənclərin asudə vaxtının səmərəli təşkilinə dair dövlət qayğısı da xüsusi vurğulanıb.