“AtaHoldinq” ASC turizm sahəsində yeni şirkət yaratmışdır
Bakı, 20 oktyabr (AZƏRTAC). “AtaHoldinq” ASC şirkətlər qrupuna yeni bir şirkət də qoşulmuşdur. “AtaTravel” MMC adlanan yeni şirkət turizm sahəsində fəaliyyət göstərəcəkdir.
“AtaHoldinq” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, yeni yaranan MMC daxili və xarici turların təşkili, aviabiletlərin sifarişi, qonaqlama, yerləşdirmə, müalicəvi turizm və s. sahələrdə xidmətlər göstərəcəkdir.
“AtaHoldinq” ASC-nin İdarə Heyətinin sədri Fərid Əsədov yeni şirkətin yaradılması zərurətini şərh edərək demişdir: “Bildiyimiz kimi, 2011-ci il Azərbaycanda “Turizm ili” elan edilmiş və bu sahə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. “AtaTravel” MMC-nin yaradılmasında da əsas məqsəd Azərbaycanda turizmin inkişafına töhfə vermək, əhalinin əyləncə və istirahətə artan tələbatını ödəməkdir. Əminəm ki, “AtaTravel” MMC qısa müddətdə Azərbaycanın turizm bazarında öz yerini tutacaq və təmsil olunduğu sahənin liderlərindən birinə çevriləcəkdir”.
“AtaTravel” MMC S. Rüstəm, 9 ünvanında fəaliyyət göstərir. MMC-nin xidmətlərindən istifadə etmək istəyənlər (012) 441 05 09 və 441 14 74 nömrəli telefonlara zəng vurmaqla, [email protected] ünvanına e-mail göndərməklə və www.atatravel.az internet səhifəsinə daxil olmaqla şirkətin tur kampaniyaları haqqında məlumatlara abunə ola bilərlər.
2003-cü ildən fəaliyyət göstərən "AtaHoldinq" ASC iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir.