ATÇILIQ İDMAN NÖVÜ ÜZRƏ “KUBOKLAR KUBOKU” UĞRUNDA YARIŞIN QALİBLƏRİ MƏLUMDUR
Bakı, 25 iyul (AZƏRTAC). İyulun 25-də Dövlət Sərhəd Xidmətinin (DSX) Novxanı qəsəbəsində yerləşən “Sərhədçi” atçılıq mərkəzində atçılıq idmanı üzrə “Kuboklar kuboku” uğrunda yarış keçirilmişdir.
Yarışda ölkəmizdə fəaliyyət göstərən müxtəlif atçılıq klublarının idmançıları iştirak edirdilər.
Mətbuat konfransında çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov vurğulamışdır ki, belə turnirlər bu idman növü üzrə beynəlxalq səviyyəli yarışlarda layiqincə iştirak etməyə qadir idmançıların və atların yetişdirilməsinə töhfəsini verəcəkdir. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizin idmanın inkişafı istiqamətində böyük nailiyyətlər qazandığını xatırladan nazir müavini bildirmişdir ki, Respublika Atçılıq Federasiyası da həm təcrübəli idmançıların hazırlanması, həm də beynəlxalq yarışlarda rəqabət aparmağa qadir atların yetişdirilməsi istiqamətində tədbirlər görür.
Yarışı izləmək üçün Bakıya gəlmiş atçılıq idman növü üzrə olimpiya və dünya çempionu, bir neçə ölkədə məşqçi işləmiş braziliyalı Nelson Pesoa Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirmişdir. O demişdir ki, Prezident İlham Əliyevin atçılıq idmanının inkişafına diqqət və qayğısı Azərbaycan idmançılarının beynəlxalq yarışlarda layiqli yer tutacaqlarına əminlik yaradır.
İdmansevərlərin böyük maraqla izlədiyi yarışda cavan atların qaçışında Respublika atçılıq məktəbinin nümayəndəsi Sərdar Əlibalayevin “Asfa” ləqəbli atı birinci yerə çıxmışdır. Yaşlı atların yarışında isə “Günay” atçılıq klubunun yetirməsi Seymur Musayevin “Qırat”ı birinci olmuşdur.
Qaliblərə fəxri fərman, diplom və pul mükafatı verilmişdir.
######
![]() |
![]() |

