ATÇILIQ İDMANI ÜZRƏ “BAKI KUBOKU” TURNİRİ KEÇİRİLMİŞDİR
Bakı, 4 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşəbbüsü ilə aprelin 4-də Bakı Dövlət Cıdır Meydanında “Bakı kuboku” turniri keçirilmişdir.
Bu il mayın 8-dən 10-dək Dövlət Sərhəd Xidmətinin Novxanıdakı təlim-məşq bazasında keçiriləcək dünya kubokunun mərhələ yarışlarına, eyni zamanda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının növbəti ildönümünə həsr olunacaq ənənəvi “Heydər Əliyev kuboku” uğrunda beynəlxalq turnirə hazırlıq məqsədi daşıyan konkur yarışlarında “Günay” və “Sərhədçi” atçılıq idman klublarını və Atçılıq İdman Məktəbini təmsil edən 8 idmançı 10 atla mübarizəyə qoşulmuşdur.
Turnirin birinci gitində idmançılar 120 santimetr, ikinci gitdə isə 130 santimetr hündürlüyü olan 11 maneəni dəf etməli idilər.
“Sərhədçi” atçılıq idman klubunun üzvü, idman ustası Səməd Musayev idmançıların yarışın təntənəli açılışı münasibətilə sıraya düzülməsi ilə bağlı ARAF-ın prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları komandanı, general-leytenant Elçin Quliyevə məruzə etmişdir.
E.Quliyev yarış iştirakçılarını salamlamış və turnirin başlandığını bildirmişdir.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində davam edən iki gitin nəticələrinə görə “Günay” atçılıq idman klubunun yetirməsi Ramiz Rzayev “Qırat” ləqəbli atla marşrutu cərimə xalsız qət edərək, turnirin qalibi adını qazanmış və “Bakı kuboku”na sahib olmuşdur.
“Günay”ın daha bir nümayəndəsi - Seyid Musayev “Qrom” və “ Rodriqo” ləqəbli atlarla marşrutu 4 cərimə xalı ilə başa vurmuş, müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşdur. Atçılıq İdman Məktəbinin yetirməsi Samir Məmmədov “Voltram” ləqəbli və “Sərhədçi” atçılıq idman klubunun üzvü Səməd Musayev “Sindy Lanper” ləqəbli atlarla mükafata layiq sonrakı yerlərə sahib olmuşlar.
Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev qalibləri təbrik etmiş və onlara kubok, diplomlar və pul mükafatları vermişdir.
######
![]() |
![]() |

