ATƏT PARLAMENT ASSAMBLEYASININ QIŞ SESSİYASINDA
Nümayəndə heyətinin üzvü, Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov demişdir ki, sessiyanın gündəliyində Azərbaycanla bağlı konkret məsələ yoxdur. Buna baxmayaraq, deputatlarımız müxtəlif məsələlərin müzakirəsi zamanı Azərbaycanın mövqeyini ortaya qoyacaq, mövcud problemlərdən danışacaqlar.
E.İbrahimov demişdir ki, nümayəndə heyətimiz erməni qəsbkarları tərəfindən işğal olunmuş ərazilərimizdəki tarixi, mədəni abidələrimizin, qəbiristanlarımızın dağıdılması faktlarını sessiya iştirakçılarının diqqətinə çatdıracaq, Ermənistan nümayəndələrinin Naxçıvandakı bəzi erməni qəbirlərinin guya dağıdılması barədə son dövrlər yaydıqları məlumatların həqiqətə uyğun olmadığını və bunun, əslində, diqqəti Dağlıq Qarabağ münaqişəsindən yayındırmaq cəhdi olduğunu sübut etməyə çalışacaqdır.