ATİ-də Dünya Turizm Günü qeyd olunmuşdur
Bakı, 27 sentyabr (AZƏRTAC). Sentyabrın 27-də Azərbaycan Turizm İnstitutunda (ATİ) Dünya Turizm Günü münasibətilə geniş proqramlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə hazırda BMT-nin Dünya Turizm Təşkilatı (DTT) kimi tanınan qurumu haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, 1925-ci ildən Cenevrədə fəaliyyət göstərən təşkilat 1970-ci il sentyabrın 27-də indiki adı ilə beynəlxalq miqyaslı struktur şəklində formalaşmışdır. 1979-cu ildən baş qərargahı Madrid şəhərinə köçən təşkilat sentyabrın 27-ni Dünya Turizm Günü kimi təsis etmişdir.
Tədbirdə vurğulanmışdır ki, “Turizm - mədəniyyətləri birləşdirən bənd” devizi altında keçirilən builki bayram ölkəmizdə həm də Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə elan olunmuş “Turizm ili” çərçivəsində qeyd edilir. Məlumat verilmişdir ki, əlamətdar gün ərəfəsində Azərbaycan Turizm İnstitutunun həyatında mühüm hadisə baş vermişdir. İnstitut bu il DTT-nin assosiativ üzvlüyünə qəbul olunmuşdur.
Qeyd olunmuşdur ki, Azərbaycan zəngin turizm potensialına malik bir ölkədir. Ölkəmizdə bu gün peşəkar kadrlara ehtiyac böyükdür. Artıq iki ildir ki, institut bu ehtiyacı ödəməyə çalışır. Bu ali təhsil ocağı turizm sənayesini ixtisaslı kadrlarla təmin edir.
Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı təmsilçiliyinin ictimai informasiya üzrə nümayəndəsi xanım Envera Selimoviç tələbələri bayram münasibətilə təbrik etmiş, BMT-nin baş katibi Pan Gi Munun beynəlxalq ictimaiyyətə müraciətini oxumuşdur. Bildirmişdir ki, Azərbaycan zaman-zaman sivilizasiyaların mərkəzi olmuşdur. Bu baxımdan Dünya Turizm Gününün Azərbaycanda geniş qeyd olunması xüsusi əhəmiyyət daşıyır.
Dünya Turizm Gününə həsr olunmuş tədbir böyük konsert proqramı ilə başa çatmışdır. Gün ərzində tələbə-fotoqrafların Azərbaycan turizminin inkişafını əks etdirən fotoşəkilləri sərgilənmişdir.