Atırau Universitetində Xocalı soyqırımının 30-cu ildönümünə dair tədbir keçirilib
Aktau, 23 fevral, AZƏRTAC
Qazaxıstanın H.Dosmuxamedov adına Atırau Universitetində Xocalı soyqırımının 30-cu ildönümünə dair tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Aktaudakı baş konsulluğunun təşkilatçılığı ilə universitetin nəzdində “Azərbaycan tarixinin və dilinin araşdırılması” mərkəzində keçirilən tədbirdə professor və müəllim heyəti, tələbələr, icmanın fəal nümayəndələri iştirak ediblər.
Tədbirdə Xocalı faciəsi barədə ümumi məlumat verən Azərbaycanın Aktaudakı baş konsul əvəzi Elmar Məmmədov işğalçı Ermənistanın Azərbaycan xalqına qarşı yalnız Xocalı soyqırımını deyil, davamlı olaraq çoxistiqamətli cinayətlər törətdiyini bildirib. Bu cinayətlər 44 günlük Vətən müharibəsində müasir dünyanın gözü qarşısında ən ağır formalarda davam etdi. Azərbaycanın infrastrukturu, mülki əhali, yaşayış məskənləri ağır artilleriya və raketlərlə hədəfə alındı. Lakin bütün bu vəhşiliklərə sinə gərən Azərbaycan savaşdan üzüağ və qalib çıxdı. İndi biz Xocalıya ədalət tələb edirik.
Universitet rəsmiləri Azərbaycan xalqına qarşı törədilən amansızlıqları pisləyərək, bu tarixin heç zaman unudulmayacağını, qardaş Azərbaycan xalqına dəstək göstərəcəklərini bildiriblər.
Tədbirdə iştirak edənlər Azərbaycan xalqının zaman-zaman bədnam qonşularımız tərəfindən təcavüzə məruz qaldığını, əzəli dədə-baba torpaqlarından didərgin salındığını, deportasiya edildiyini, qanlı faciələrin qurbanı olduğunu bildiriblər. Qeyd olunub ki, ermənilər düşmənçilik siyasətini Xocalıda törədilən soyqırımı ilə dünyaya nümayiş etdirib.
Mərasimdə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində videoçarx nümayiş olunub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau