SİYASƏT
Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası Niderlandın koalisiya hökumətinə etiraz məktubu ünvanlayıb
Amsterdam, 4 oktyabr, AZƏRTAC
Amsterdamda fəaliyyət göstərən Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası sentyabrın 13-də qəbul edilmiş dövlət proqramına etiraz olaraq Niderlandın koalisiya hökumətinə və Baş nazir Dik Şufa (Dick Schoofa) müraciət ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, müraciətdə Niderlandda yaşayan Azərbaycan icması koalisiyanın hökumətinin ölkəmizə qarşı qəbul etdiyi dövlət proqramı ilə əlaqədar narahatlığı ifadə olunub. Bildirilib ki, koalisiya hökumətinin BMT Təhlükəsizlik Şurasının işğalçı dövlət kimi tanıdığı, bir milyon azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə salmış Ermənistanın yanında olması təəssüf doğurur. Niderland Qarabağ və onun ətrafındakı 7 rayonu işğal etmiş Ermənistanı dəstəkləyir.
Müraciətdə bildirilir ki, koalisiya hökumətinin dövlət proqramında Qarabağ toponiminin "Dağlıq Qarabağ" kimi qeyd edilməsi tamamilə yanlışdır.
Niderlandın Azərbaycan icması bu hökumətin qərəzli siyasi fəaliyyəti nəticəsində iki ölkə arasında münasibətlərin pozulmasını istəmir. İki dövlət arasında sıx iqtisadi əlaqələr mövcuddur, 120-dən çox Niderland şirkəti ölkəmizdə müxtəlif sahələrində aktiv fəaliyyət göstərir.
Niderlanddakı Azərbaycan icmasının üzvlərinin əksəriyyəti Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurdlarından - Qarabağdan qovulmuş insanlardır. Erməni işğalı nəticəsində onların bir çoxu yaxınlarını, ailə üzvlərini itiriblər.
“Koalisiya hökumətinin dövlət proqramına yenidən baxmasını və terminologiyalardan düzgün istifadə olunmasını tələb edirik”, - deyə müraciətdə, həmçinin vurğulanıb.
Qeyd edək ki, müraciət “Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının Baş katibi Sahil Qasımov tərəfindən Şuranın idarə heyəti adından göndərilib.