AVROPA AZƏRBAYCANLILARI KONQRESİ BƏYANAT VERMİŞDİR
“Avropada yaşayan azərbaycanlılar Azərbaycan Respublikasında gedən prosesləri diqqətlə izləyir və son zamanlar ölkədə baş verən bəzi xoşagəlməz hadisələrdən dərin narahatlıq hissi keçirir.
Müstəqilliyini yenidən bərpa etmiş dövlətimiz, xalqımız bu illər ərzində bir sıra məhrumiyyətlərlə üzləşmiş, ilk illərdə siyasi çəkişmələrin ağır nəticələrini yaşamalı olmuşdur. Yalnız 1993-cü ilin iyun ayından başlayaraq, Azərbaycan xalqının çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlmiş, dünya şöhrətli siyasətçi Heydər Əliyevin rəhbərliyi və müdrikliyi sayəsində ölkəmizdə sabitliyə nail olunmuş, xalqımızın müstəqilliyi, xoşbəxtliyi üçün xeyli işlər görülmüşdür. Hazırda ümummilli liderimizin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda hər bir sahədə islahatlar həyata keçirilməkdədir.
Noyabrın 6-da Azərbaycan parlamentinə növbəti seçkilər keçiriləcəkdir və Azərbaycan rəhbərliyi bu seçkilərin azad, demokratik şəraitdə keçirilməsi istiqamətində bütün lazımi tədbirləri görmüşdür.
Lakin bəzi müxalif qruplar respublikamızda gedən, sabitliyin, inkişafın təmin edilməsinə yönəlmiş proseslərə hər vasitə ilə mane olmağa çalışırlar, hətta hakimiyyəti qanuna zidd olaraq ələ keçirmək niyyətindədirlər.
Biz - Avropada yaşayan soydaşlar bu müxalif qüvvələrin niyyətlərinin qarşısının alınması istiqamətində, ictimai-siyasi sabitliyin saxlanmasına yönəlmiş tədbirlərin görülməsində və noyabrın 6-da nəzərdə tutulan parlament seçkilərinin azad, demokratik şəraitdə keçirilməsi üçün Prezident İlham Əliyevin atdığı addımları dəstəkləyir və bütün siyasi partiyaları qanun çərçivəsində parlament seçkilərinə qatılmağa çağırırıq”.