Avropa Gənclər Yay Olimpiya Festivalının güləş yarışları başlayıb
Festivalın birinci günündə Azərbaycanın dörd güləşçisi mübarizəyə qoşulub
Bakı, 21 iyul, Leyla Qurbanova, AZƏRTAC
İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının güləş yarışları başlayıb.
AZƏRTAC xəbər verir ki, yarışların birinci günündə sərbəst və yunan-Roma güləşçiləri 45 və 55 kiloqram çəki dərəcələrində mübarizə aparırlar. Yunan-Roma güləşçilərimizdən Fərid Sadıqlı (45 kq) və Nihad Məmmədli (55 kq), sərbəst güləşçilərimizdən isə Murad Haqverdiyev (45 kq) və Əbülfəz Nəsirov (55 kq) Festivalın birinci günündə mübarizəyə qoşulublar.
Üç gün ərzində keçiriləcək güləş yarışlarında Azərbaycan 18 idmançı ilə təmsil olunur. Festivalda sərbəst güləşçilərimizdən Murad Haqverdiyev (45 kq), Mircavad Nəbiyev (48 kq), Kənan Heybətov (51 kq), Əbülfəz Nəsirov (55 kq), Sabir Cəfərov (60 kq), Cəbrayıl Hacıyev (65 kq) medallar uğrunda yarışacaqlar. Yunan-Roma güləşi üzrə Fərid Sadıqlı (45 kq), Qurban Qurbanov (48 kq), Elmir Əliyev (51 kq), Nihad Məmmədli (55 kq), Həsrət Cəfərov (60 kq), Xasay Həsənli (65 kq) mübarizə aparacaqlar. Qadın güləşi yarışlarında isə Gültəkin Şirinova (46 kq), Lalə Mirzəyeva (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Mərziyə Sadıqova (61 kq) və Nigar Mirzəzadə (65 kq) iştirak edəcəklər.
Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalının proqramına güləş yarışları ilk dəfə daxil edilib.