Avropa İttifaqı Şurası müdafiə sənayesinin gücləndirilməsi üzrə qanunvericilik paketinə dair mövqeyini təsdiqləyib
Berlin, 27 noyabr, AZƏRTAC
Avropa İttifaqı Şurası qitənin müdafiə sənayesinin rəqabət qabiliyyətinin artırılması, müdafiə satınalmalarının və icazə proseslərinin sadələşdirilməsi, həmçinin müdafiə yatırımlarının təşviqi məqsədilə hazırlanan “Omnibus V” qanunvericilik paketinə dair mövqeyini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, Danimarkanın quruma sədrliyi çərçivəsində aparılan müzakirələr nəticəsində Şura təhlükəsizlik və müdafiə sahəsində bürokratik maneələrin azaldılmasına, müdafiə layihələri üzrə icazələrin verilməsi prosesinin sürətləndirilməsinə və Aİ daxilində müdafiə məhsullarının köçürülməsinin asanlaşdırılmasına yönəlmiş üç əsas sənəd üzrə ümumi razılıq əldə edib. Paket məqsəd kimi Avropa Müdafiə Texnoloji və Sənaye Bazasının gücləndirilməsini və 2030-cu ilə qədər Aİ-nin müdafiə hazırlığının artırılmasını hədəfləyir.
Qəbul olunmuş dəyişikliklər Avropa Müdafiə Fondunun idarəçiliyini sadələşdirir, layihələrdə kiçik və orta müəssisələrin iştirakını stimullaşdırır, müdafiə layihələri üzrə icazə müddətini 60 gün olaraq təsbit edir və müvafiq qərarların vaxtında verilmədiyi halda susqun təsdiq mexanizmini qüvvədə saxlayır. Eyni zamanda, müdafiə satınalmalarında daha sadə və sürətli prosedurlardan istifadə imkanları genişləndirilir.
Sənədlər paketinin məqsədi Aİ-də müdafiə imkanlarının formalaşdırılmasını tezləşdirmək, sənayenin fəaliyyətini ləngidən inzibati yükləri azaltmaq və üzv dövlətlərin təhlükəsizlik çağırışlarına daha çevik cavab verllməsini təmin etməkdir.
Şuranın mövqeyinin təsdiqindən sonra Aİ Şurası və Avropa Parlamenti arasında danışıqlar mərhələsi başlayacaq.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin