Avropa Parlamentinin binası önündə keçirilmiş mitinqdə Xocalı faciəsi ilə bağlı bəyanat səsləndirilib
Bakı, 26 fevral, AZƏRTAC
Avropa Parlamentinin Brüsseldə yerləşən binası önündə Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı mitinq keçirilib.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM ) Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə keçirdiyi aksiyada Azərbaycandan olan nümayəndə heyətinin üzvləri ilə yanaşı, Belçikada və ətraf ölkələrdə fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri, tələbələr və yerli sakinlər iştirak ediblər.
Mətbuat Şurasından AZƏRTAC-a bildirilib ki, mitinqdə ATXƏM-in sədri, Şuranın İdarə Heyətinin üzvü İlham İsmayıl ermənilərin zaman-zaman türklərə qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətindən bəhs edib. Bu mənfur siyasətin XX əsrdəki ən böyük təzahür formasının Xocalı soyqırımının olduğunu vurğulayan İ.İsmayıl bildirib ki, faciənin miqyasının dünyaya çatdırılması Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin təbliği baxımından da çox vacibdir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Xocalı faciəsinin dünya mediasının gündəminə çıxarılması sahəsindəki işlərin daha da intensivləşdirilməsinin vacibliyini qeyd edib.
O, eyni zamanda, qondarma “erməni soyqırımı” iddiasının “100 illiyi” ilə bağlı erməni diaspor təşkilatlarının fəaliyyətinə qarşı əks- təbliğatın aparılmasının zəruriliyindən söz açıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Qafar Əliyev, Milli QHT Forumunun rəhbəri Rauf Zeyni, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvü Cavid Əliyev, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin və başqaları Xocalı soyqırımının dünyada tanıdılmasına yönələn tədbirlərin əhəmiyyətini qeyd ediblər. Onlar, həmçinin Xocalı faciəsinə beynəlxalq səviyyədə siyasi qiymətin verilməsinin zəruriliyindən danışaraq beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe göstərməyə çağırıblar.
Mitinqin sonunda aksiya iştirakçıları tərəfindən bəyanat qəbul edilib. Avropa İttifaqına üzv ölkələrin Brüsseldəki nümayəndəliklərinə təqdim olunan bəyanatda bildirilir ki, Xocalıda dinc əhaliyə, ahıllara və uşaqlara qarşı törədilmiş amansız qətliamlar müasir dünyanın dinc və birgə yaşamaq qaydalarına kökündən vurulmuş zərbədir. Bu cür dəhşətli faciəni həyata keçirənlərin hələ də məsuliyyətə cəlb olunmamaları insanlıq adına utancverici haldır. Bəyanatda qeyd edilir: “Bu faciə beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhvinə yönələn cinayətlərdən biridir və bütün dünyada soyqırımı kimi qəbul olunmalıdır. Azərbaycan xalqının dünya birliyindən gözlədiyi məhz budur. Xocalıya ədalət tələb edirik!”
Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Brüsseldə keçirilən silsilə tədbirlərə qatılan Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizin Belçikadakı səfiri, Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı Fuad İsgəndərovla da görüşüblər. Görüşdə Belçikadakı səfirliyimizin Xocalı soyqırımının Avropa ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyətindən söz açılıb.