Avropa Parlamentinin insan hüquqları komitəsinə Xocalı soyqırımı ilə bağlı müraciət ünvanlanıb
Bakı, 22 fevral, AZƏRTAC
Avropa Azərbaycanlıları Konqresi (AAK) 1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilmiş qətliamın cinayət kimi tanınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Avropa Parlamentinin insan hüquqları komitəsinin yeni seçilmiş sədri Elena Valensaya müraciət ünvanlayıb. Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Müraciətdə Avropa Parlamentindən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq normalara uyğun olaraq həllinə münasibət bildirməsi, 1992-ci il fevralın 26-da ermənilər tərəfindən Xocalı sakinlərinə qarşı həyata keçirilmiş soyqırımı aktını müharibə zamanı törədilmiş cinayət kimi qiymətləndirməsi, həmçinin Ermənistan prezidenti Serj Sarkisyanın bu hadisələrin cinayətkarı kimi məsuliyyətə cəlb olunması tələb edilib. Bundan başqa, soyqırımının beynəlxalq ekspertlərdən ibarət komissiya tərəfindən araşdırılması, ATƏT-in Minsk qrupuna üzv ölkələrin başçılarından münaqişənin həllinə və sülh əldə edilməsinə cəhd göstərmələri tələb olunub.
Müraciətdə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası barədə məlumat da təqdim edilib. AAK Avropa Parlamentinin diqqətini bu kampaniyanın bir sıra ölkələrdə apardığı “Justice for Khojaly” ictimai-media fəaliyyətinə yönəldərək Xocalı soyqırımına dair siyasi münasibət bildirilməsini tələb edib.
Qeyd edək ki, AAK Xocalı soyqırımını ictimaiyyətə daha geniş çatdırmaq məqsədilə “Facebook” sosial şəbəkəsində faciəyə həsr olunan səhifə yaradıb. (https://www.facebook.com/KhojalyMassacre1992Photos/info?tab=page_info). Təşkilat, həmçinin Xocalı soyqırımına dair məlumatların yer aldığı açıqcalar çap etdirib. Bu açıqcalarda “Xocalıya ədalət!” kampaniyasının təqdim etdiyi “Xocalı uşaqların gözü ilə” sərgisindən fotolar və Xocalı hadisələri haqqında məlumatlar əksini tapıb. Açıqcalar Almaniyanın Şimali Reyn Vestfalen əyalətinin parlamentinə və Avropa Parlamentinin insan hüquqları komitəsinə göndərilib.