Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının İcraiyyə Şurasında ölkəmiz də təmsil olunub
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 17-dən 19-dək Fransanın Paris şəhərində keçirilən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının İcraiyyə Şurasının iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı - Assosiasiya üzrə layihə koordinatoru Günel Aslanova təmsil edib.
Tədbirdə Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının prezidenti Guiseppe Bellandi gündəlikdə duran məsələlər haqqında məlumat verib. Bildirib ki, son illər statistik təhlillərə nəzər saldıqda Avropa sağlamlıq turizmi məkanlarının, yerləşdirmə obyektlərinin sayının artması təqdirəlayiqdir. Regionda bu sahənin nəzərəçarpacaq inkişafı assosiasiya tərəfindən əhəmiyyətli layihələr həyata keçirilməsinə geniş imkan açır.
Daha sonra təşkilatın rəhbəri G.Bellandi ilə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günel Aslanova arasında görüşdə cari ilin mayında Qalaaltıda keçiriləcək Baş Assambleya haqqında ətraflı fikir mübadiləsi aparılıb. Eyni zamanda, tədbirin təşkilatçılığı ilə bağlı həm assosiasiya, həm də nazirlik tərəfindən görüləcək işlər müzakirə olunub.
Xatırladırıq ki, 2016-cı ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Qalaaltı” regionu Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna qoşulub və üzvlük çərçivəsində bu ilin mayında assosiasiyanın növbəti Baş Assambleyasının Qalaaltıda keçirilməsi qərara alınıb.