AVROPADA HƏR İKİ NİKAHDAN BİRİ POZULUR, HƏR ÜÇ UŞAQDAN BİRİ NİKAHDANKƏNAR DOĞULUR
2004-cü ildə Avropa İttifaqında 2,2 milyon, yaxud əhalinin hər min nəfərinə 4,8 nikah qeydə alınmışdır. Nikahların ən yüksək səviyyəsi Kiprdə (hər min nəfərə 7,2 nikah), Danimarkada (7) və Maltada (6) olmuşdur. Daha az nikah bağlayanlar Sloveniya (3,3), Belçika (4,1) və Yunanıstan (4,2) sakinləridir.
Bununla yanaşı, həmin dövrdə 1 milyon, yaxud əhalinin hər min nəfərinə 2,1 boşanma qeydə alınmışdır. Aİ-də boşanmaların sayına görə Çexiya və Litva liderdir. Bu ölkələrdə hər 1000 nəfərə 3,3 boşanma düşür. Boşanmaların ən aşağı səviyyəsi İrlandiyada (0,7), İtaliyada (0,8) və Yunanıstandadır (1,1).
2005-ci ildə 4,8 milyon körpə doğulmuşdur (əhalinin hər min nəfərinə 10,5 uşaq). Ən yüksək göstərici İrlandiya (15,2), Fransa (12,7), Danimarka, Lüksemburq və Böyük Britaniyadadır (hər üçü - 12). Ən aşağı doğum səviyyəsi Almaniyada (hər 1000 sakinə 8,6 uşaq) və Latviyadadır (8,8).
Hər üç körpədən biri nikahdankənar doğulmuşdur. Bu reytinqdə ən yüksək yeri Estoniya tutur. 2003-cü ildə burada doğulan bütün uşaqların 58 faizi nikahdankənardır. Sonrakı yerləri İsveç (55 faiz), Danimarka və Latviya (hərəsi 45 faiz), Fransa (2003-cü ildə 45 faiz) tutur. Ən aşağı göstəricilər Kipr (3 faiz), Yunanıstan (5 faiz) və İtaliyadadır (15 faiz).