Avtomobilində konstruksiya dəyişikliyi edərək yol hərəkəti qaydalarını kobud surətdə pozan sürücü həbs olunub
Salyan, 20 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Salyan rayonu ərazisində “VAZ-2107” markalı avtomobilə konstruksiya dəyişikliyi edərək yol hərəkəti qaydalarını kobud surətdə pozan sürücü rayon polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Arbatan kənd sakini N.Babayevə idarə etdiyi nəqliyyat vasitəsində qeyd olunan qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib.
Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində inzibati qaydada tədbirlər görülən zaman isə sonuncu buna maneəçilik yaradaraq, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb.
N.Babayev barəsində Salyan RPŞ-də qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə sonuncu 10 sutka inzibati qaydada həbs edilib.