Aydın Hüseynov: Son sərəncamlar əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan inqilabi addımların davamıdır
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” və müxtəlif sahələr üzrə əməkhaqlarının artırılması ilə bağlı imzaladığı sərəncamlar respublikamızda əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində 2019-cu ilin elə ilk aylarından atılan inqilabi addımların davamıdır. Sərəncama əsasən Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb. Bununla da Azərbaycanda minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə ikinci yerdə qərarlaşdı.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat bildirib ki, bu addım Prezident İlham Əliyevin Azərbaycan xalqına olan diqqət və qayğısının bariz nümunəsidir. 2019-cu ildə Prezident tərəfindən xalqın rifahının yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atılıb. Cari ildə minimum əməkhaqqı, pensiyalar, tələbələrə verilən təqaüdlərin artırılması, problemli kreditlərin həlli və digər sosial məsələlərlə bağlı Prezident tərəfindən mühüm fərman və sərəncamlar imzalanıb. Lakin dövlət başçısı bu islahatların davamlı olacağını bəyan edirdi və ötən gün bu islahatların davamı olaraq daha bir inqilabi addım atıldı.
Milli Məclisin deputatı, həmçinin əlavə edib ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq. Bundan başqa, sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.
Deputat vurğulayıb ki, minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata qaldırılması, o cümlədən dövlət qulluqçularının, müəllimlərin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək. Digər mühüm məsələ odur ki, bu Sərəncam dövlət sektoru ilə yanaşı, özəl sektorda da xeyli sayda insanın əməkhaqlarının artmasına səbəb olacaq. Prezident İlham Əliyev tərəfindən imzalanan bu inqilabi sərəncamlar bir daha sübut edir ki, ölkədə aparılan siyasət sosialyönümlüdür, vətəndaşların rifahının yüksəldilməsinə, sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.
A.Hüseynov əlavə edib ki, Azərbaycan dövləti inkişaf etdikcə, resursları, vəsaitləri artdıqca, vətəndaşlarımızın sosial rifahı daha da yaxşılaşacaq.