İDMAN
“Ayntraxt”ın azarkeşləri azərbaycanlı kimsəsiz uşaqlara Avropa Liqasının finalına biletlər hədiyyə edəcəklər
Bakı, 22 may, AZƏRTAC
Bakıda Avropa Liqasının finalına biletlər bronlamış Almaniyanın “Ayntraxt” futbol klubunun azarkeşləri bu biletləri Azərbaycan paytaxtının uşaq evlərindən birində yaşayan kimsəsiz uşaqlara hədiyyə etməyə hazırlaşırlar.
AZƏRTAC xəbər verir ki, “Ayntraxt” fan forumunda “Bakıda uşaqlara biletlərin ianə edilməsi” aksiyasının təşəbbüskarının sözlərinə görə, Almaniya komandasının azarkeşlərinin təqribən 100 bileti var və onlar bu biletləri artıq göndərməyə başlayıblar.
“Ayntraxt” fanatları bildiriblər ki, Avropa Liqasının finalı bu uşaqlar üçün əlçatmaz hadisədir. Buna görə də onlar belə hədiyyə etmək qərarına gəliblər.
Xatırladaq ki, Frankfurtun “Ayntraxt” klubu Avropa Liqasının finalının bir addımlığında - yarımfinalda Londonun “Çelsi” klubuna məğlub olub.
“Çelsi”-“Arsenal” matçı mayın 29-da Bakıdakı “Olimpiya” stadionunda keçiriləcək.