AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır

Bakı, 13 may, AZƏRTAC
“Azərbaycan Hava Yolları” QSC (AZAL) hazırda genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır.
AZƏRTAC xəbər verir ki, bunu AZAL prezidenti Samir Rzayev Bakıda keçirilən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “Aviasiya Enerji Forumu 2025”də çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu sənəd dayanıqlı infrastruktur, ağıllı hava limanı, bərpaolunan enerji həlləri, “yaşıl maliyyə” və şəffaf emissiya hesabatlılığına əsaslanır.
“Yanaşmamız məlumatlara əsaslanan, sistematik həm makro, həm də mezo səviyyəli təhlillərlə formalaşır. 2021-ci ildən etibarən AZAL Dayanıqlılıq Hesabatları dərc edir. Bunun ardınca biz indi 2024-cü il üçün daha ətraflı, məlumatyönümlü və tam emissiya qiymətləndirmələrini əhatə edən Dayanıqlılıq Hesabatını hazırlayırıq. Bu addım dayanıqlı inkişaf, ətraf mühitin mühafizəsi, enerji keçidi və ESG hesabatlılığı istiqamətində öhdəliklərimizi daha da möhkəmləndirəcək”, - deyə AZAL prezidenti vurğulayıb.
Samir Rzayev qeyd edib ki, şirkət Dayanıqlı Aviasiya Yanacağı (SAF) sahəsini əsas dekarbonizasiya istiqaməti kimi qiymətləndirir: “Qlobal SAF bazarları hələ formalaşma mərhələsində olsa da, AZAL “RefuelEU” təşəbbüsünə uyğunlaşır və hazırda region daxilində SAF istehsalı və təchizatı potensialını qiymətləndirir. Məqsədimiz SAF geniş istifadəyə veriləndə infrastrukturumuz və tənzimləyici mühitin buna tam hazır olmasıdır. Bu transformasiyanı maliyyələşdirmək üçün biz maliyyə qurumları və inkişaf tərəfdaşları ilə fəal əməkdaşlıq edirik. “Yaşıl maliyyələşmə” mexanizmləri, o cümlədən dayanıqlılıqla əlaqəli istiqrazlar və dövlət-özəl tərəfdaşlıq çərçivələri vasitəsilə təmiz enerji layihələrini və uzunmüddətli iqlim ağıllı investisiyaları təşviq edirik. Bu səylər əməliyyat və ekoloji hədəflərə çatmaq üçün dəqiq yol xəritəsi əsasında həyata keçirilir. Torpaq əməliyyatlarının elektrikləşdirilməsi, hava limanlarımızda bərpaolunan enerji mənbələrinin tətbiqi və enerji səmərəliliyini artıran rəqəmsal sistemlərin inteqrasiyası prioritet istiqamətlərimizdir. Enerji sahəsinə yönəlmiş təşəbbüslərlə yanaşı, biomüxtəliflik və ekosistemlərin qorunması da strategiyamızın əsas hissəsidir. AZAL hava limanı ərazilərində və ətrafında 90 minə yaxın ağac və geniş yaşıllıq sahələrini qoruyur. Bu, təbii yaşayış mühitlərinin və ekoloji balansın qorunmasına verdiyimiz əhəmiyyətin göstəricisidir”.