“AZDATAKOM” ŞƏBƏKƏSİ BU İL ÖLKƏ ƏRAZİSİNDƏ TAM FƏALİYYƏTƏ BAŞLAYACAQDIR
Elektron idarəetmə şəbəkəsinin yaradılması istiqamətində respublikanın bütün bölgələrini əhatə edəcək “AzDataKom” şəbəkəsi bu ilin sonunadək ölkə ərazisində tam fəaliyyətə başlayacaqdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu şəbəkə 10 Gb/saniyə sürətlə ölkədaxili məlumat ötürülməsinə imkan verəcəkdir. Bu imkanlardan elektron hökumət, distant təhsil, elektron kommersiya, biznesin məsafədən idarə olunması və s. kimi məsələlərdə istifadə etmək mümkün olacaqdır. Artıq layihənin ilk mərhələləri başa çatmışdır. Hazırda şəbəkə Bakı və Sumqayıtda, Abşeron yarımadasında fəaliyyətdədir.
“AzDataKom” Azərbaycan hökuməti və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdikləri “Milli E-idarəçilik təşəbbüsü” layihəsi çərçivəsində qurulur.