Azər Əhmədov: Uşaqlarda yay aylarında qastroenteritə daha çox rast gəlinir
Bakı, 16 iyul, AZƏRTAC
Uşaqlarda yay mövsümündə qastroenterit xəstəliyinə daha çox rast gəlinir. Qastroenterit zamanı yağlı və şəkərli qidalardan uzaq durmaq lazımdır. Kartof püresi və düyü yeməkləri daha məsləhətlidir.
AZƏRTAC xəbər verir ki, bunu Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatrı Azər Əhmədov “Uşaqlarda qastroenteritlər” mövzusundakı çıxışı zamanı deyib.
O bildirib ki, 14 günə qədər davam edən, qusma və ishalla müşahidə olunan qastroenteritlərə kəskin, bir aydan çox davam edənlərə isə xroniki qastroenteritlər deyilir: “Mədə-bağırsaqlarda narahatlıq qastroenterit olmadan da, məsələn, mövsümə uyğun olmayan qidalar qəbul edildikdə də baş verə bilər. Belə olan halda, uşağı xəstəxanaya aparmağa tələsmək lazım deyil”.
Azər Əhmədov vurğulayıb ki, qastroenterit zamanı həkimə müraciət etmək üçün yaş faktoru vacibdir: “Uşaq 6 aylıqdırsa, həkimə vaxtında müraciət etmək vacibdir. Çünki 6 aylığı tamam olmayan uşaqlar ağrılarını ifadə edə bilmirlər. Ümumiyyətlə 3 yaşdan yuxarı uşaqlara isə evdə müdaxilə məsləhətdir. Qastroenterit zamanı maye itirən uşağa çoxlu su qəbul etdirmək lazımdır. Bəzən qastroenterit nəticəsində qusma baş verir. Uşaq çoxlu su içsə də, qusma dayanmır. Mədə boşaldıqda isə ödlü qusma başlayır. Bu halda, xəstəxanaya müraciət etmək vacibdir. Nəticədə, uşaqda halsızlıq olur, yuxu vəziyyəti yaranır. Hətta çox maye itkisi baş verdikdə hipovolemik şok yarana bilər”.