Azər Kərimli: İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun gələn ay formalaşması gözlənilir
Roma, 28 yanvar, AZƏRTAC
Fevral ayında İtaliya parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun formalaşması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, deputat Azər Kərimli deyib.
A.Kərimli Romaya səfəri çərçivəsində Azərbaycan-İtaliya parlamentlərarası əməkdaşlığa dair görüşlər və müzakirələr apardığını bildirib.
“İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının sədri, senator Culio Terzi ilə görüşdə İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun formalaşdırılması prosesi ilə bağlı məsləhətləşmələr apardıq. İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu İtaliya parlamentində iki ölkənin parlamentlərarası əlaqələrində rəsmi qrup sayılır. C.Terzi gələn ay formalaşacaq İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna sədrlik etməyə məmnunluqla razılıq verdi. Düşünürəm ki, onun Parlamentlərarası Dostluq Qrupuna rəhbərlik etməyə razılıq verməsi uğurlu nəticədir. Çünki C.Terzinin İtaliya Parlamentində beynəlxalq məsələlərdə böyük hörməti və xüsusi çəkisi var. İtaliya parlamentində, həmçinin İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyası da fəaliyyət göstərir ki, bu, əsasən qeyri-rəsmi qrupdur. Bu assosiasiyanın sədrinin isə “İrəli İtaliya” Partiyasının üzvünün olacağı gözlənilir. Digər görüşlərdə də ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın rolu vurğulandı, çoxsaylı italiyalı parlamentarilər formalaşacaq İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü olmaq niyyətlərini bildirdilər”, - deyə Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri qeyd edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma