İQTİSADİYYAT
AZƏRBAYCAN ALİMLƏRİNİN YENİ UĞURU
“ Kristal Elm Mərkəzi”ində mühərriki maye qazla işləyən avtomobillərdə prınsipial yeni yanma effekti aşkar edilib uğurla sınaqdan keçirilmişdir. Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru Nizami Süleymanov bu barədə məlumat verərək demişdir ki, onun patenti əsasında alınmış bu nəticənin fiziki mahiyyəti etibarilə hələlik dünyada analoqu yoxdur. Yeniliyin əsasını yanma kamerasına ötürülməzdən öncə qaz-hava qatışığının xüsusi prinsiplə hazırlanması prosesi təşkil edir ki, bu da yanmanın keyfiyyətini kəskin şəkildə yüksəldir. Nəticədə minimum 2-3 dəfə az məsrəflə avtomobilin yüksək keyfiyyətli istismarı təmin olunur, yanma məhsullarında zəhərli tullantıların miqdarı ən azı 10 dəfə aşağı düşərək sıfıra yaxınlaşır.
Bu yeniliyin bir çox avtomobillərdə uğurla keçirilən sınaqlarının nəticələri belədir: VAZ- 2106 avtomobilində hər 100 kilometrə yanacaq məsrəfi 10-12 litrdən 3-6 litrə enmiş, “QAZEL” avtomobilində 20-30 litr əvəzinə 5-10 litr, “TOFAŞ” avtomobilində 11-13 litr əvəzinə 3-6 litr təşkil etmişdir. QAZ-31 avtomobilində də yanacaq məsrəfi xeyli azalmışdır.
Bu yaxınlarda sınaq işlərinin Türkiyədə davam etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə “Kristal Elm Mərkəzi”nin bir qrup əməkdaşı İstanbul şəhərindəki avtomobil sənaye mərkəzinə ezam olunmuşdur.
Alimin fikrincə, yanacaq sərfinin 2-3 dəfə azaldılması ilk addımdır. Yaxın gələcəkdə bu qənaətin 10 dəfəyə qədər yüksəldilməsinin mümkün olacağı şübhə doğurmur. Belə ki, laboratoriya şəraitində artıq bu nəticələr əldə edilmişdir. Eyni zamanda, bu yeniliyin benzin və dizel yanacağı ilə işləyən mühərriklərə tətbiqi sahəsində də işlər görüləcəkdir