AZƏRBAYCAN-ALMANİYA ƏMƏKDAŞLIĞI GENİŞLƏNİR
- Bildiyiniz kimi, Almaniya Federativ Respublikasının Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) Azərbaycanın aqrar sektorunda bir sıra layihələr həyata keçirmişdir. İlk proqram “Kənd təsərrüfatında özəl təşəbbüslərin dəstəklənməsi” layihəsi olmuşdur. Bu layihəyə 3,4 milyon alman markası məbləğində vəsait sərf edilmişdir. Layihə aqrar islahatların keçirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə məsləhətlər vermək, Zaqatala rayonunda aqrar sektorda özəlləşmə proseslərini dəstəkləmək məqsədi daşımışdır.
GTZ eyni zamanda Xızı rayonunda “İnteqrə edilmiş ərzaq təhlükəsizliyi” proqramını həyata keçirir. Bu layihənin dəyəri isə 4,5 milyon alman markasına bərabərdir. Həmin layihə Dəvəçi və Siyəzən rayonlarını da əhatə edir. Layihə bu rayonlarda əhalinin həyat səviyyəsini yaxşılaşdırmağa, kənd təsərrüfatının inkişaf etdirilməsinə kömək edir.
2003/2005-ci illərdə həyata keçirilmiş “Aqrar siyasət məsləhəti” layihəsi çərçivəsində kənd təsərrüfatının bir sıra sahələri üzrə beynəlxalq ekspertlərin iştirakı ilə tədqiqatlar aparılmış və tövsiyə hesabatlar təqdim edilmişdir. Bu layihəyə isə 1 milyon 224 min avro vəsait sərf edilmişdir.
Onu da deyim ki, ötən ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına yeni təkan vermişdir.
Cari ildə GTZ təşkilatı tərəfindən planlaşdırılan “Özəl sektorun dəstəklənməsi” proqramı çərçivəsində “Çay sektorunun inkişafı” layihəsinin həyata keçirilməsi davam etdirilir. Bu layihə üçüncü ildir ki, Zaqatala və Astara rayonlarında tətbiq edilir. Layihədən əvvəl hər iki rayonda iqtisadi tədqiqatlar aparılmış, Şri-Lankadan çay üzrə ekspert dəvət olunmuşdur. Çayın mexaniki yığımı üçün 6 çayyığan maşın gətirilmiş, indi onlar fermerlərə nümayiş etdirilir.
Biz Azərbaycanın aqrar-sənaye kompleksinin inkişaf etdirilməsində Almaniyanın köməyini və ölkəmizlə əməkdaşlığını yüksək qiymətləndiririk.
Əminəm ki, iqtisadiyyatın aqrar sektorunda ikitərəfli əlaqələr ölkələrimizin potensialından xalqlarımızın mənafeyi naminə səmərəli istifadə olunmasına, əməkdaşlıq sahələrinin daha da genişlənməsinə münbit şərait yaradacaqdır.