Azərbaycan Almatı şəhərində keçirilən regional seminarda təmsil olunur
Bakı, 1 dekabr, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində İslam Ölkələri üçün Statistik, İqtisadi, Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRİC), Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və Qazaxıstan Respublikasının İqtisadiyyat Nazirliyinin Statistika Komitəsinin birgə təşkilatçılığı ilə “Turizmin Köməkçi Hesabları (TSA)” mövzusunda regional seminar öz işinə başlayıb.
Ümumdünya Turizm Təşkilatı (BMÜTT), SESRIC, Qazaxıstan Respublikasının İqtisadiyyat Nazirliyi, eləcə də 8 ölkənin turizm, statistika və tədiyyə balansı üzrə ekspertlərinin iştirak etdiyi seminarda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin böyük məsləhətçisi Cavid Abdullayev, Dövlət Statistika Komitəsinin sektor müdiri Rauf Əliyev, Mərkəzi Bankın Xarici sektorun statistikası şöbəsinin rəisi Svetlana Kərimova və iqtisadi informasiya şöbəsinin böyük mütəxəssisi Fuad Abbasovdan ibarət nümayəndə heyəti təmsil edir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirin ilk günü daxili, gəlmə və getmə turizm statistikasının aparılması metodları, uğurlu Turizm Köməkçi Hesabları sisteminin tətbiqi üçün lazım olan institusional şərtlər, sözügedən sistemin cədvəllərinin strukturları və onlar arasında əlaqələr müzakirə olunub.
Ölkəmizdə Turizm Köməkçi Hesabları sistemi üzrə ilkin olaraq 4 cədvəlin qurulması, eləcə də digər cədvəllərin yaxın illərdə hazırlanmasına dair müvafiq məlumatlar verilib.
Azərbaycandakı turizm statistikasının mövcud vəziyyəti haqqında çıxış edən C.Abdullayev Mədəniyyət və Turizm Nazirliyinin bu sahə üzrə gördüyü işlər, digər aidiyyəti qurumlarla həyata keçirilən produktiv əməkdaşlıqlar, sözügedən sahə üzrə məlumatların təkmilləşdirilməsi məqsədilə Nazirliyin təşəbbüsü və digər aidiyyəti qurumların birgə iştirakı ilə yaradılan Turizm Statistikası üzrə işçi qrupunun fəaliyyəti və bu fəaliyyətin ölkəmizdə Turizm Köməkçi Hesablarının tətbiqində oynadığı rol barədə geniş məlumatlar verib.
Tədbir dekabrın 3-dək davam edəcək.