Azərbaycan aviatorları yenidən qanvermə aksiyasında iştirak edirlər
Bakı, 14 iyul, AZƏRTAC
“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyulun 14-də Bakıda növbəti dəfə könüllü donor qanvermə aksiyası keçirir.
AZAL-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyd edilən aksiyada 300-dən çox Azərbaycan aviatoru iştirak edir. Aviaşirkət əməkdaşları talassemiyadan və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün qan verirlər.
Xatırladırıq ki, aprel ayında Azərbaycan aviatorları Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlanan qanvermə aksiyasına qoşulmuşdular. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən karantin rejimi şəraitində aviatorlar qan bankının doldurulması aksiyasında iştirak edirlər.
Aksiya qanvermə zamanı donor və həkimlərin təhlükəsizliyinin təmin edilməsinə yönəldilən qüvvədə olan əksepidemioloji tədbirlərə müvafiq olaraq xüsusi qrafik üzrə keçirilir.