MƏDƏNİYYƏT
Azərbaycan Bəstəkarlar İttifaqında kamera-instrumental əsərlər səsləndirilib
Bakı, 26 sentyabr, AZƏRTAC
Ənənə halını almış Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı işini davam etdirir. Ölkəmizin müxtəlif məkanlarında festivalla bağlı konfranslar, konsertlər musiqisevərlərin ixtiyarına verilir. Bu minvalla da Bəstəkarlar İttifaqında tədbirlər, konfrans və konsertlər keçirilir. Belə ki, Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert salonunda Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera-instrumental konserti olub.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının dahi sənətkarın irsinin təbliğində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, festival çərçivəsində Bəstəkarlar İttifaqının keçirdiyi tədbirlər haqqında danışıb, hər il bəstəkar və musiqişünasların Üzeyir bəy irsinə dair yeni əsərlər qələmə aldığını diqqətə çatdırıb.
Konsert proqramı Firəngiz Əlizadənin “Landscape” fortepiano əsəri ilə başlayıb. Təbiət peyzajı ilə bağlı olan bu lirik əsəri London Kral Konservatoriyasının məzunu, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vüsalə Babayeva ifa edib. Konsertdə Xalq artisti Sərdar Fərəcovun 2 piano üçün Süita, Rəna Qədimovanın 2 klarnet üçün “Üç invensiya”, Səid Qəninin piano üçün “Kaleydoskop” silsiləsindən Prelüd və Tokkata, Əməkdar incəsənət xadimi, professor Məmmədağa Umudovun klarnet və piano üçün Poema, Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşovanın 2 violin üçün Miniatür “Şuşa”, İlham Azmanlının 2 piano üçün Performans “Anlaşılmazlıq”, “Bakı küləyi” və Sevda Məmmədlinin “Vətən uğrunda” əsərləri səslənib.
Tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı təqdim olunan musiqi əsərləri haqqında məlumat verərək, Yazıçılar Birliyinin üzvü, şair Oqtay Zəngilanlının Üzeyir bəyə həsr etdiyi “Musiqinin günəşi” şeirindən də bəzi misraları söyləyib.