AZƏRBAYCAN BEYNƏLXALQ PARALİMPİYA KOMİTƏSİNİN İNKİŞAF PROQRAMINA QOŞULMUŞDUR
Azərbaycan Milli Paralimpiya Komitəsi Beynəlxalq Paralimpiya Komitəsinin inkişaf proqramına qoşulmuşdur.
Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2008-2012-ci illəri əhatə edən bu proqram Azərbaycanda Paralimpiya hərəkatının inkişafı ilə yanaşı, strateji planın hazırlanmasına kömək edəcəkdir. Bununla əlaqədar Böyük Britaniya İdman Şurasının (UK Sport) Azərbaycan üzrə proqram rəhbəri Mehman Kərimov, Beynəlxalq Paralimpiya Komitəsinin aparıcı mütəxəssisi Heter Kameron və Milli Paralimpiya Komitəsinin mətbuat katibi İlham Təhməzovdan ibarət işçi qrupu yaradılmışdır.
Strateji planın hazırlanması çərçivəsində aprelin 28-dən mayın 1-dək Sumqayıtda Beynəlxalq Paralimpiya Komitəsinin aparıcı mütəxəssisi Heter Kameronun rəhbərliyi ilə 3 günlük seminar təşkil olunacaqdır.
Bununla yanaşı, Milli Paralimpiya Komitəsi UK Sport-un vasitəçiliyi, UNİCEF, British Council, Azərbaycan Gənclər və İdman, habelə Təhsil nazirliklərinin, həmçinin bir sıra digər təşkilatların iştirakı ilə həyata keçirilən “Beynəlxalq İdman Həyəcanı” proqramı ilə əməkdaşlığı daha da genişləndirəcəkdir.
“Beynəlxalq İdman Həyəcanı” 2012-ci ildə London Olimpiya Oyunları təşkilat komitəsinin bütün dünya gənclərini idmana həvəsləndirmək, onları Olimpiya Oyunlarının ruhlandırıcı gücünə qoşmaq barədə verdiyi vədi həyata keçirmək məqsədi ilə hazırlanmışdır. Proqram artıq dünyanın beş ölkəsində - Azərbaycan, Hindistan, Zambiya, Brazilya və Palauda həyata keçirilir.