AZƏRBAYCAN BEYNƏLXALQ ŞƏFFAFLIQ TƏŞƏBBÜSÜÜZRƏ İDARƏ HEYƏTİNƏ ÜZV SEÇİLMIŞDİR
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Azərbaycanın Şəffaflıq Təşəbbüsünün tətbiqi sahəsində fəaliyyəti mövzusunda çıxış etmiş və ölkəmizin öz təcrübəsini digər dövlətlərlə bölüşməyə hazır olduğunu bəyan etmişdir. Konfransda çıxış edən digər iştirakçılar Azərbaycanın Təşəbbüsün həyata keçirilməsində əldə etdiyi uğurları yüksək qiymətləndirdiklərini bildirmişlər.
Şəffaflıq Təşəbbüsünə beynəlxalq dəstəyin təmin olunması və Təşəbbüsə qoşulmuş ölkələrin fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə idarə heyətinin yaradılması qərara alınmışdır.
Konfransın qərarına əsasən, idarə heyətinə 8 ölkənin üzvlüyü təsdiq olunmuşdur. Onlardan 5-i Şəffaflıq Təşəbbüsünü tətbiq edən ölkələr - Azərbaycan, Qvineya, Qabon, Qırğızıstan və Nigeriya, 3-ü isə Təşəbbüsü dəstəkləyən ölkələr- ABŞ, Böyük Britaniya və Almaniyadır. Bundan başqa, idarə heyətində beynəlxalq qeyri-hökumət təşkilatlarının, hasilat sənayesi və investisiya şirkətlərinin nümayəndələri də təmsil olunacaqlar.
Şəffaflıq Təşəbbüsünü beynəlxalq səviyyədə ilk olaraq həyata keçirən və Təşəbbüs üzrə neft gəlirlərinə dair artıq 4 hesabat açıqlayan Azərbaycanın idarə heyətinə üzv seçilməsi dövlətimizin Təşəbbüsün tətbiqində dünya ölkələri arasında aparıcı rolunu bir daha nümayiş etdirmişdir.