AZƏRBAYCAN BİRİNCİLİYİ BAŞA ÇATMIŞDIR
Birinci dərəcəli gimnastların yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə liseyin nümayəndəsi Fərrux Dadaşov (97,7 bal) qalxmışdır. İkinci dərəcəlilərin yarışında Altay Əhədov (lisey, 99,6 bal), üçüncü dərəcəlilər arasında isə Şamil İsmayılov (lisey, 55,6 bal) qalib gəlmişdir.
Yeniyetmələr arasında üçüncü dərəcəli idmançıların yarışında 55,45 balla liseyin nümayəndəsi Ramin Əcəmov qalib gəlmiş, ikinci dərəcəli yeniyetmələr arasında 55,5 balla Sumqayıt gimnastı Nurlan Rzayev birinci yerə çıxmışdır. Birinci dərəcəlilərin yarışlarında isə ən yaxşı nəticəni liseyin yetirməsi Emil İsmayılov (53,2 bal) göstərmişdir.
Federasiyanın mətbuat xidməti xəbər verir ki, ustalar arasında respublika birinciliyinin qalibi Teymur Şahlamazov martın 3-5-də Tehranda keçiriləcək Dünya kuboku yarışlarında iştirak edəcəkdir. Bundan əlavə, martın 2-4-də Ukraynanın Vinnitsa şəhərində tamblinq üzrə XVI beynəlxalq turnir keçiriləcəkdir. Bu yarışlarda Azərbaycanı akrobatik xalça üzərində tullananlar – Səid Səlimov, Hafiz Rzayev və Rahib Əliyevdən ibarət üçlük təmsil edəcəkdir.
Fevralın 27-28-də bədii gimnastika üzrə Bakı birinciliyi keçiriləcəkdir. Yarışlarda 4 yaş dərəcəsində 73 idmançı iştirak edəcəkdir.