Azərbaycan çempionu Avropa arenasında 72-ci sınağına hazırlaşır
Bakı, 27 oktyabr, AZƏRTAC
Ölkə çempionu “Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq. Təmsilçimiz Ukraynada keçiriləcək əsas mərhələnin qrup oyunlarında yerli ölkə çempionu “Uraqan”la yanaşı, Rumıniyanın “Yunayted Qalati” və Kosovonun “Liqeni” komandaları ilə üz-üzə gələcək.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, klublarımızın avrokubok macərası 2001-ci ildən başlayır. İlk dəfə qitəmiqyaslı yarışa “Turan AİR” ayaq açıb. Qrupda keçirdiyi ilk oyunda məğlub olan Elman Ələkbərovun yetirmələri sonrakı iki oyunda qələbəyə sevinib. Maraqlıdır ki, İtaliyada keçirilən qrup oyunlarındakı rəqiblərdən biri ermənilər olub ki, təmsilçimiz onlara futzalın necə oynanıldığını başa salıb.
Təmsilçilərimiz arasında ən çox “Araz-Naxçıvan” bu turnirdə çıxış edib. İndiyə qədər Naxçıvan təmsilçisi bu turnirdə 71 oyun keçirib. 2005-ci ildə debüt edən klub iki dəfə “Dördlər finalı”na vəsiqə qazanıb və hər iki cəhddə bürünc medal qazanıb. Çempionumuzun ikinci dəfə iştirakçısı olduğu “Dördlər finalı” 2014-cü ilədə Bakıda təşkil olunub.
Qeyd edək ki, 71 oyunun birində “Araz-Naxçıvan”a texniki məğlubiyyət verilib. Halbuki həmin qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bu matçların 36-da “Araz-Naxçıvan” qələbə qazanıb, 9 görüşdə isə xallar yarı bölünüb. 26 oyunda meydanı xalsız tərk edən ölkə çempionu 279 qol vurub, 221 dəfə topu qapısından çıxarıb. “Araz-Naxçıvan”ı 3 oyuna Hacıbala Abdullazadə, sonrakı 6 matça isə Arkadi Belıy çıxarıb. Məmmədqulu Zeynalovun rəhbərliyi altında 3 beynəlxalq oyun keçirən təmsilçimiz Böyükağa Hacıyevlə 6 qarşılaşmada gücünü sınayıb. Tino Perez komandamızı 3, Milton Luiz Ziller Junior isə 6 görüşə çıxarıb. “Araz-Naxçıvan” ən çox meydana isə Alesionun rəhbərliyi altında çıxıb - 44 oyun.
UEFA kuboku 2018/2019-cu il mövsümündən etibarən UEFA Çempionlar Liqası adlanır.
Qrupun oyunları oktyabrın 28-də, 29-da və 31-də keçiriləcək. Təmsilçimiz ilk matçda “Uraqan İvano - Frankivsk” (Ukrayna) klubu ilə üz-üzə gələcək. Ertəsi gün “Yunayted Qalati” (Rumıniya) komandası ilə qarşılaşacaq Azərbaycan çempionu sonda “Liqeni” (Kosovo) ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu qrupun oyunları Ukraynada keçiriləcək. Yalnız qrup qalibi elit-raunda vəsiqə qazanacaq.