Azərbaycan Dillər Universitetində Çin musiqisindən ibarət konsert təşkil olunub
Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda onlayn yay lektoriyası çərçivəsində Çin Kommunist Partiyasının 100 illiyinə həsr olunmuş konsert təşkil edilib.
Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov konsertdən əvvəl diqqətə çatdırıb ki, Çində 2021-ci il beynəlxalq tarixi əhəmiyyətə malikdir. Çünki bu il Çin Kommunist Partiyasının (ÇKP) yaranmasının 100 illiyi qeyd edilir. ÇKP 1921-ci ildə yaradılıb, inqilabdan qalib çıxdıqdan sonra Çin Xalq Respublikası qurulub. Həmin vaxtdan ÇKP qəhrəman Çin xalqına Çin səciyyəli sosializm quruluşunun yaranması istiqamətində, həmçinin siyasi və iqtisadi islahatların aparılması, aşkarlıq və müasir sosializm yolunda, xalqın böyük dirçəlişi uğrunda mübarizədə və Çində orta təbəqənin olduğu firavan cəmiyyətin qurulması işində daim yorulmadan rəhbərlik edir.
Konsertdə bəstəkar Huang Ueinin yoxsulluqla mübarizə və Çin millətinin böyük dirçəlişinə həsr etdiyi “Bizim qürurumuz” və bəstəkar Zeng Qiongjuanın Çinin kosmosdakı böyük uğurlarına həsr etdiyi “Gümüş gecə, qızıl arzu” mahnıları, ölkə təbiətinin gözəlliyini vəsf edən “Moni Dağı” və “Pastoral” xalq mahnıları, “İmenə sevgi ilə” əsəri səsləndirilib. Daha sonra ADU-nun çinşünas tələbələri Çin rəqs nömrələri ilə çıxış ediblər.