Azərbaycan Dillər Universitetində Dünya Turizm Günü qeyd olunmuşdur
Bakı, 27 sentyabr (AZƏRTAC). Sentyabrın 27-də Azərbaycan Dillər Universitetində (ADU) “Turizm və su: gələcəyimizi qoruyaq” mövzusunda tədbir keçirilmişdir.
ADU-dan AZƏRTAC-a bildirmişlər ki, Dünya Turizm Gününə həsr olunmuş tədbirdə həmin günün tarixi ilə bağlı geniş məlumat verilmişdir.
Bildirilmişdir ki, hazırda bu gün dünyanın 150-dən çox ölkəsində qeyd olunur. Ölkəmizdə Dünya Turizm Günü 2001-ci ildən - Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan keçirilir. 2010-cu ildə “2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair” Dövlət Proqramının qəbul olunması, 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi, bununla əlaqədar geniş tədbirlər planının təsdiq və icra olunması dövlət səviyyəsində turizmin inkişafına verilən dəstəyin əyani sübutudur. Bu kimi tədbirlərin nəticəsində ölkəmizdə turizm sənayesi yeni mərhələyə qədəm qoymuşdur.
Qeyd olunmuşdur ki, tədbirin məqsədi turizm və onun sosial, mədəni, siyasi, iqtisadi əhəmiyyətini beynəlxalq ictimaiyyətə tanıtmaq və insanları maarifləndirməkdir.
Tədbirdə turizm sahəsi ilə maraqlanan tələbələr BMT-nin Minilliyin İnkişaf Məqsədləri proqramında qeyd edilən qlobal dəyişikliklər və bu məqsədlərə nail olmaq üçün turizm sektorunun verə biləcəyi töhfələrə dair geniş məlumat əldə etmişlər.
Müxtəlif ölkələrdə səfərdə olmuş yazıçı-jurnalist Azər Qərib tədbir iştirakçılarına səyahətləri ilə bağlı məlumat vermiş, sualları cavablandırmışdır.