Azərbaycan Dubayda keçirilən beynəlxalq kibertəhlükəsizlik tədbirində təmsil olunub
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti mayın 6-dan 8-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində kibertəhlükəsizlik sahəsində beynəlxalq miqyasda ən nüfuzlu platformalardan biri olan “GISEC Global 2025” tədbirində iştirak edib.
AZƏRTAC Dövlət Xidmətinin məlumatına istinadla xəbər verir ki, tədbir BƏƏ Kibertəhlükəsizlik Şurası, BƏƏ Daxili işlər Nazirliyi, Dubay Polisi və Dubay Elektron Təhlükəsizlik Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
“GISEC Global 2025” 160 ölkədən 18 mindən artıq informasiya təhlükəsizliyi mütəxəssisini, hökumət rəsmilərini, informasiya təhlükəsizliyi üzrə rəhbər şəxsləri və 750-dən çox nüfuzlu brendi bir araya gətirib. Tədbirin əsas məqsədi kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibertəhlükəsizlik sahəsində ən son tendensiyalar, generativ süni intellekt, kvant kriptoqrafiyası, eləcə də zərərli proqram təminatı, dipfeyk texnologiyası ilə həyata keçirilən dələduzluq və süni intellektlə idarə olunan fidyə proqramları (ransomware) kimi aktual kibertəhdidlərə qarşı mübarizə yollarının müzakirəsi, bu istiqamətdə əməkdaşlıq imkanlarının genişləndirilməsi və innovativ həllərin təşviqi olub.
Tədbir çərçivəsində XRİTDX-nin baş idarə rəisi general-mayor Azər Əhədov “Milli kiberdayanıqlılığın sürətləndirilməsi: Azərbaycanın kritik infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinə yanaşması” mövzusunda çıxış edib. O, çıxışında bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
A.Əhədov qeyd edib ki, ölkəmizdə kritik informasiya infrastrukturunun və onun tərkibinə daxil olan informasiya sistemlərinin, informasiya-kommunikasiya şəbəkələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə ardıcıl və kompleks tədbirlər həyata keçirilir.
Həmçinin cari ilin oktyabrın 9-10-da XRİTDX və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə “Ağıllı şəhərlərdə kibermüharibə” mövzusuna həsr olunacaq “CIDC-2025” tədbirinin keçiriləcəyini “GISEC Global 2025” iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində XRİTDX nümayəndə heyəti ilə Birləşmiş Ərəb Əmirliklərinin Kibertəhlükəsizlik Şurasının sədri Məhəmməd Əl Küveyti arasında görüş keçirilib, ikitərəfli əməkdaşlıq istiqamətində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.