MƏDƏNİYYƏT
Azərbaycan Dünya Turizm Təşkilatının Baş Assambleyasının sədrinin müavini seçilmişdir
Moskva, 13 oktyabr (AZƏRTAC). Koreyanın Kencu şəhərində (Şimali Kensanq əyaləti) Dünya Turizm Təşkilatının (DTT) Baş Assambleyasının on doqquzuncu sessiyası keçirilir.
Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nüfuzlu nümayəndə heyəti sessiyanın işində iştirak edir. Nümayəndə heyətinin tərkibinə Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov və BMT İnkişaf Proqramının Azərbaycanda turizmin inkişafına dair layihəsinin milli əlaqələndiricisi Faiq Qürbətov da daxildir.
Assambleyanın məqsədi turizmi inkişaf etdirmək, iqtisadi artıma, beynəlxalq qarşılıqlı anlaşmaya, sülhün bərqərar olmasına kömək etmək, habelə yaxın beş il üçün fəaliyyət planı işləyib hazırlamaqdır.
Faiq Qürbətov AZƏRTAC-a bildirmişdir ki, birinci plenar iclasda Azərbaycan Baş Assambleyanın bütün müşavirələrində sədrin müavini seçilmişdir.
V.Əliyev 19-cu sessiyanın gedişində DTT-nin baş katibi Taleb Rifahi və təşkilatın icraçı direktoru Zoltan Somoçi ilə görüşmüş, görüşlərdə Azərbaycan ilə DTT arasıda əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. Dünya Turizm Təşkilatının rəhbərliyinə ölkəmizin turizm sektorunun inkişafı üzrə dövlət siyasəti, habelə Azərbaycanda “Turizm ili” elan edilməsi ilə əlaqədar ölkədə keçirilən tədbirlər haqqında ətraflı məlumat verilmişdir.
V.Əliyev Rusiya Federasiyasının Turizm üzrə Federal Agentliyinin rəhbəri Aleksandr Radkov, San-Marino Turizm Nazirliyinin nümayəndəsi Mauro Maiani və “Özbəkturizm” milli şirkətinin sədri Rüstəm Mirzəyev ilə də görüşmüş, həmin görüşlərdə turizm sahəsində ikitərəfli münasibətlərin dərinləşdirilməsi məsələləri müzakirə edilmişdir.
DTT-nin 19-cu Assambleyası “Davamlı turizm” devizi altında keçirilir. DTT-nin baş katibi təbrik məktubunda qeyd etmişdir ki, turizm sosial, iqtisadi və ekoloji davamlı inkişafda aparıcı rol oynamalıdır. Baş Assambleyanın 19-cu sessiyası bu məqsədlərə nail olmaq istiqamətində mühüm mərhələ olacaqdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi muxbiri
Moskva