AZƏRBAYCAN DÜNYANIN ƏN BÖYÜK MƏDƏNİYYƏT VƏ MUSİQİ MƏRKƏZLƏRİNDƏN BİRİDİR
AZƏRTAC bu dəfə dahi Mosartın 250 illiyinə həsr edilən həmin illik musiqi bayramı və festivalın qala-konsertində Mosartın simfoniyaları, Şostakoviçin dünyada mütərəqqi incəsənətin nadir hadisəsi sayılan fortepiano konserti ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərinin də səslənəcəyi barədə artıq məlumat vermişdi.
Bəli, həmvətənlərimizin əsərləri də səsləndi. Dahi Üzeyir Hacıbəyovun “Mosart mövzusunda fantaziya”sını Kanada simfonik orkestri yüksək peşəkarlıqla ifa etdi, əsər tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılandı, Qərbin və Şərqin musiqi dühalarının Niaqara sahillərində görüşünün, bir növ, sübutuna çevrildi, sivilizasiyaların mənəvi sintezinin, bəşəriyyətin universal mədəni dəyərlərinin vəhdəti oldu.
Atis Bankas bu barədə belə yazır: “Azərbaycan professional musiqi sənətinin banisi, bəstəkar Üzeyir Hacıbəyov Mosart musiqisinə Şərqdə birinci olaraq, hələ 1932-ci ildə müraciət etmiş, onun bəzi mövzularını Azərbaycan muğamı ilə birləşdirmiş və bununla da Şərqlə Qərbin yüksək musiqi ənənələrinin üzvi vəhdətini yaratmışdır”.
Bankasın fikrincə, Üzeyir Hacıbəyov dünyaya yeni musiqi dili bəxş etmişdir. Görkəmli Azərbaycan bəstəkarları Qara Qarayevin və Cövdət Hacıyevin müəllimi və mənəvi atası olan Şostakoviç bu dilə musiqinin gələcək inkişafı üçün həlledici əhəmiyyət vermişdir.
Niaqara festivalında Cövdət Hacıyevin və misilsiz rəqqasə Əminə Dilbazinin oğlu, hazırda Kanadada yaşayan bəstəkar və dirijor İsmayıl Hacıyevin “Klassik üslubda konsertino” əsəri də səslənmişdir. Festivalın bədii rəhbəri Bakıya göndərdiyi məktubunda bu əsərə yüksək qiymət verərək yazır ki, burada müəllif həyat və məhəbbət fəlsəfəsini, Mosart musiqisindəki ülviliyi çox ifadəli şəkildə və yüksək peşəkarlıqla, yaradıcılıq fantaziyası və ustalığı ilə açıqlayır. Bankas bizə, bəstəkarın həmyerlilərinə fərəhli bir xəbər də çatdırır: “Kanada Ali Bədii Şurasının nümayəndələri konsertdən sonra birmənalı olaraq bildirdilər ki, indən belə İsmayıl Hacıyevin adı Kanadanın ən yaxşı bəstəkarları sırasına daxil edilmişdir”. Bu isə təkcə festivalın musiqi ekspertlərinin deyil, həm də festivalda olanların hamısının rəyidir.
Məlumdur ki, Niaqarada Şostakoviçin fortepiano konsertini beynəlxalq müsabiqələrin laureatı pianoçu Nina Koqan ifa etmişdir. O, Qara Qarayevin müasir musiqidə yeni söz kimi qiymətləndirilmiş skripka konsertinin ilk ifaçısı, dahi skripkaçı Leonid Koqanın qızıdır. Nina Niaqara festivalı qala-konserti proqramının Bakıda təkrar edilməsi barədə Atis Bankasın arzusuna ürəkdən qoşulmuşdur.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin festivala böyük maraq göstərdiyini, hətta onun sponsorlarından biri olduğunu, – bu, festivalın afişasında və proqramlarında da göstərilmişdi, – nəzərə alaraq, ümid etmək olar ki, bu arzu mütləq gerçəkləşəcəkdir.
Kanada Xarici İşlər və Beynəlxalq Ticarət Departamentinin Şərq və Balkan ölkələri üzrə direktoru Pyer Gümondun dediyi kimi, festivalın qala-konserti proqramının Bakıda təkrarlanması Kanada ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsinə və inkişafına, Azərbaycanın Şərq ilə Qərb arasında mədəni körpü kimi rolunun yüksəlməsinə təkan verəcəkdir. Beləliklə, Vətənimiz dünyaya bir daha göstərəcəkdir ki, Azərbaycan böyük tarixi və şanlı, qədim mədəni ənənələri, incəsənətdə parlaq nailiyyətləri olan ölkədir.