Azərbaycan Əbu-Dabidə keçirilən beynəlxalq yemək festivalında təmsil olunub
Bakı, 24 fevral, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində yerləşən “GEMS American Academy” məktəbində beynəlxalq yemək festivalı keçirilib.
Azərbaycanın Birləşmiş Ərəb Əmirliyindəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, məktəbin ərazisində təşkil olunmuş festival zamanı öz milli mətbəxini, mədəniyyətini, dövlət atributlarını və milli adət-ənənələrinin nümayiş etdirmək məqsədilə hər bir ölkə üçün pavilyonlar quraşdırılıb.
Azərbaycan pavilyonunda səfirliyin dəstəyi ilə dörd azərbaycanlı ailə tərəfindən hazırlanmış milli mətbəx nümunələrimiz, o cümlədən şah plov, dolma, qutab, səbzi qovurma, manqal salatı, şorqoğalı və müxtəlif şirniyyatlar təqdim edilib. Pavilyonun ziyarətçiləri Azərbaycanın necə zəngin mətbəxə malik olmasına şahidlik ediblər.
Azərbaycan pavilyonunun mədəniyyət guşəsində isə müxtəlif suvenirlər, xalça və ölkəmizin zəngin mədəniyyətinin müxtəlif sahələrini özündə əks etdirən buklet və jurnallar sərgilənib.
Beynəlxalq yemək festivalı çərçivəsində məktəbin azərbaycanlı tələbələrindən biri milli paltarda səhnəyə çıxaraq “Sarı gəlin” rəqsini nümayiş etdirib. Daha sonra tədbirdə iştirak edən azərbaycanlılar “Yallı” rəqsini ifa ediblər.
Festivalın sonunda iştirakçılar bayraq paradında iştirak ediblər. Tələbələrimiz üçrəngli Azərbaycan bayrağı ilə ön sırada yer alıblar.
Qeyd edək ki, “GEMS American Academy” məktəbində Azərbaycan, Rusiya, Kanada, Almaniya, Yaponiya, İspaniya, İsveç və ABŞ da daxil olmaqla 27 ölkədən tələbələr təhsil alırlar.