Azərbaycan əraziləri işğaldan azad olunmayana qədər Pakistan Ermənistanla heç bir münasibət qurmayacaq
Səfir Daşqın Şikarov görüşdə qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, rəsmi İslamabadın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyinə, həmçinin işğalçılıq siyasəti yürüdən Ermənistanı bir dövlət kimi tanımadığına görə Pakistan tərəfinə minnətdarlığını bildirib.
Səfir son vaxtlar cəbhə xəttində Ermənistan silahlı qüvvələri tərəfindən tez-tez atəşkəsin pozulduğunu, erməni diversiya qrupunun Azərbaycan kəndlərinə girərək azyaşlı uşaqları girov götürdüklərini, dinc sakinləri iriçaplı silahlardan atəşə tutduqlarını və azərbaycanlılara qarşı soyqırımı siyasətini davam etdirdiklərini bildirib.
D.Şikarov son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, genişmiqyaslı layihələr haqqında ətraflı məlumat verib.
Dostluq qrupunun əlaqələndiricisi Şaza Fatimə Xuvaca ölkələrimiz arasında mövcud olan münasibətlərdən danışıb, Pakistanın daim Azərbaycanın yanında olduğunu, Dağlıq Qarabağ məsələsində ölkəmizin mövqeyini hər zaman dəstəklədiyini bildirib. O, Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupu ilə əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edərək gənclər, uşaq, qadın problemlərinin həllində, iqtisadi əlaqələrin genişlənməsində birgə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.
Ş. F. Xuvaca Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində həyata keçirilən humanitar layihələri xüsusi qeyd edib, bunun ikitərəfli münasibətlərimizin inkişafında, xalqlarımızın daha da yaxınlaşmasında mühüm rol oynadığını vurğulayıb.
Qrupun üzvləri Rəşid Kudeyl, Mirzə Həmid Quccar, Malik Məhəmməd Üzeyir son zamanlar Ermənistan ordusunun Azərbaycan kəndlərinə hücumlarını qəti şəkildə pisləyiblər. Onlar Azərbaycan əraziləri işğaldan azad olunmayana qədər Pakistanın Ermənistanla heç bir münasibət qurulmayacağını bildiriblər.
Deputatlar ölkələrimiz arasında ticari-iqtisadi münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini, bu istiqamətdə bir sıra tədbirlərin görülməsinin vacibliyini qeyd ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad