ELM VƏ TƏHSİL
“Azərbaycan folklorunda təbiət kultu” - elmi konfrans
Bakı, 2 noyabr, AZƏRTAC
AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan folklorunda təbiət kultu” mövzusunda elmi konfrans keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin və COP29-un ölkəmizdə keçirilməsinin bütün elm sahələri, o cümlədən humanitar və ictimai elmlərin də qarşısında mühüm vəzifələr qoyduğu bildirilib.
Dosent Elçin Abbasov “Aşıq poeziyasında dağ (Aşıq Şəmşirin yaradıcılığı əsasında)” mövzusunda məruzəsində folklor düşüncəsində yenilməzlik, güc-qüvvət rəmzi sayılan, türk xalqlarının tapındığı ilkin təbiət varlıqlarından olan dağ kultunun Aşıq Şəmşir yaradıcılığında təzahür formalarından bəhs edib, dağı bilavasitə insanla vəhdətdə poetikləşdirən aşığın ona canlı bir varlıq kimi müraciət etməsini vurğulayıb.
Mifologiya şöbəsinin aparıcı elmi işçisi Elçin Qaliboğlunun “Folklorda təbiət və insan probleminə baxış” mövzusunda məruzəsində qeyd olunub ki, xalqımızın folklorunda, adət-ənənə, mərasim və rituallarında insanla təbiətin birliyi özünü göstərir. Bu, təbiidir: insan təbiətdədir, bütün hadisələr təbiətdə baş verir.
Dosent Şakir Albalıyev “Təbiətin oyanış bayramı – Novruz” mövzusunda məruzə ilə çıxış edib. Alim bildirib ki, xalqımızın milli-mənəvi dəyərlər sistemində önəmli yer tutan Novruz bayramı hər kəsi yaz fəslinin harmoniyasına girməyə yönəldir. Yəni təbiətin oyanışını əks etdirən yaz fəslinin – sosial statusda Novruz bayramının əsas qayəsi insanlara, dünyaya, bəşəri aləmə həmrəylik duyğuları aşılayır. Bu həmrəylik təbii aləmlə ictimai aləmin vəhdətini nəzərdə tutan və bütün kainatı vahid bir auraya, nizamlı inkişafa, xoş gələcəyə, xoşbəxt dünya düzəni qurmağa dəvət edən monolit, sarsılmaz birliyə çağırışdır.
Konfransda, həmçinin “Türk mifologiyasında su stixiyası ilə bağlı obrazlar”, “Türk etnomifoloji düşüncəsində insan-təbiət münasibətləri”, “Azərbaycan uşaq oyunlarında günəş kultunun təzahür formaları” mövzularında məruzələr dinlənilib.