CƏMİYYƏT
Azərbaycan həkimləri Özbəkistanda ustad dərsləri keçirib, xəstələrin müayinə və müalicəsində iştirak edib
![](/files/galleryphoto/2023/3/1200x630/17028940454777517329_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17028940456354831009_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17028940453419532136_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17028940451396022625_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702894045647336843_1200x630.jpg)
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycanla Özbəkistan arasında siyasi və iqtisadi əlaqələrin son illər ərzində əhəmiyyətli dərəcədə genişlənməsi tibb sahəsində olan əlaqələrin də genişlənməsinə səbəb olmuşdur. Bu il Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində iki qardaş ölkənin səhiyyə nazirlərinin şəxsi iştirakı ilə Özbəkistanda keçirilən tibbi forum uzun illərdən bəri davam edən bu əməkdaşlığı yeni bir mərhələyə qaldırmışdır.
AZƏRTAC xəbər verir ki, dekabrın 14-dən 16-na kimi Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və Özbəkistan-Azərbaycan Tibb Cəmiyyətinin təşkilatçılığı, Namanqan Vilayəti Səhiyyə İdarəsinin dəstəyi ilə Özbəkistanın Namanqan şəhərində elmi-praktik konfrans və ustad dərsləri keçirilib. Tədbir çərçivəsində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri, Namanqan Dövlət Universitetinin fəxri professoru Qurbanxan Müslümovun rəhbərlik etdiyi 10 nəfərdən ibarən azərbaycanlı mütəxəssis qrupu tərəfindən ümumi və visseral cərrahiyyə, kardiologiya və kardiocərrahiyyə, ginekologiya, urologiya, diaqnostik və invaziv radiologiya, diaqnostik və invaziv endoskopiya və anesteziologiya-reanimatologiyanın aktual məsələləri ətrafında maraqlı elmi müzakirələrlə yanaşı 50-dən çox xəstənin müayinə və müalicəsi təşkil edilib. Özbək və azərbaycanlı mütəxəssislərin birgə iştirakı ilə pediatrik kardiocərrahi, mürəkkəb rekonstruktiv uroginekoloji, visseral və bariatrik, invaziv radioloji və endoskopik əməliyyatlar icra edilib.
Konfrans zamanı Azərbaycan Milli Məclisinin Səhiyyə Komitəsinin sədr müavini, Mərkəzi Gömrük Hospitalının Elmi-tədris Mərkəzinin rəhbəri, tibb üzrə elmlər doktoru Rəşad Mahmudova Namanqan Dövlət Universitetinin fəxri professoru adı verilib.
Növbəti belə bir tədbirin 2024-cü ildə Azərbaycanda keçirilməsi barədə razılığa gəlinib.